Bakı, 15 aprel, TELEQRAF

Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və Parlament Reqlamentinə dəyişiklikləri birinci oxunuşda sürətləndirilmiş qaydada qəbul edib.

Teleqraf xəbər verir ki, dəyişikliklərə əsasən, siyasi partiyalar və seçki məqsədi güdən şəxslər xarici hüquqi şəxslərdən seminar, mühazirə və digər tədbirlər qarşılığında ianə qəbul edə bilməyəcək. Qrantlar yalnız hökumətin razılığı ilə mümkün olacaq. Qanunu pozan şəxslər və birliklərə cərimə tətbiq ediləcək.

Eyni zamanda, siyasi partiyaların fəaliyyətinin qadağan olunması məsələsi də layihədə əksini tapıb. Bildirilir ki, siyasi partiyaların fəaliyyəti yalnız Konstitusiya Məhkəməsinin qərarı əsasında dayandırıla bilər.

Yeni reqlamentdə isə prosedur qaydaları yenilənir, vətəndaş təşəbbüsünün hüquqi statusu dəqiqləşdirilir və siyasi debatlara dair yeni mexanizm yaradılır.