.png)
BAKI, 15 aprel. TELEQRAF
"Ermənilər işğal dövründə Laçın rayonu ərazisindən qədim qəbirüstü daşı oğurlayaraq Ermənistana aparıblar".
Bunu Teleqraf-a açıqlamasında əslən Laçın rayonundan araşdırmaçı Eldar Tağıyev deyib.
Onun sözlərinə görə, daş hazırda İrəvanda saxlanılır. E.Tağıyev bildirib ki, bu məlumatı erməni arxitektor Stepan Nalbandyan yazıb.
“Laçın rayonunun Mirik kəndində xalq arasında kilsə kimi tanınan qədim məbəd var, oradan xəzinə də tapılıb. Kəndin ərazisindəki 1655-ci ildə tikildiyi iddia edilən xristian məbədini də işğal dövründə erməniləşdirməyə cəhd ediblər. Ermənilər XIII əsrdən qalma daşları da məbədin divarlarına yerləşdirməklə, abidəni erməni kilsəsi kimi qeydiyyata salıblar. Kənddən abidənin aparılması məlumatı erməni arxitektor Stepan Nalbandyana aiddir. O, 2021-ci ildə ölüb. Bu məlumatı onun arxivindən götürmüşəm”.
E.Tağıyev şəkilə əsasən qəbirüstü daşın ermənilərə aid olmadığını vurğulayıb: “Laçın ərazisində abidəyə oxşar daşüstü heykəllər çoxdur. Sadəcə üzərində adam təsviri mübahisəlidir. Çünki ibadət forması xristianlara daha çox bənzəyir. Amma xristian olması heç də əsas vermir ki, bunların ermənilərə aidi olduğunu iddia etsinlər. Şəkildəki abidənin ermənilərə aid olmadığı aydın görünür. Alban da ola bilər. Bütün bunları araşdırma ilə müəyyənləşdirmək mümkündür. Hazırda isə əsas mövzu həmin abidənin Laçın ərazisindən oğurlanaraq Ermənistana aparılmasıdır”.
Azad Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Teleqraf-a bildirib ki, qəbirüstü abidə kimi tanınan yazılı daş 1998-ci ildə Laçın rayonunun Mığıdərə kəndindən aparılıb: “Kəndin cənub-qərbdə yerləşən məbəd qalıqlarının yaxınlığından ermənilər tərəfindən götürülüb. Yazılı daş Qərbi Azərbaycanın (indiki Ermənistan) İrəvan şəhərindəki Matenadaran Qədim Əlyazmalar Muzeyində 3437 nömrə altında saxlanılır. Mığıdərə kəndi ilə Mirik kəndi ayrı-ayrı coğrafi ərazilərdədir. Mənim arxivimdə məlumat belə qeyd olunur. Erməni bunu səhv yaza bilər”.
F.İsmayılov ermənilərin Laçın ərazisindən tək sözügedən abidəni aparmadıqlarını deyib: “Mirik qalası deyilən yerdə qeyri-qanuni arxeoloji qazıntılar zamanı orada saxsı qablar, qızılı sikkələr, ov ləvazimatları, məişət əşyaları götürüblər. Ermənilərin sonuncu apardıqları qazıntı işləri 2018-2019-cu illəri əhatə edir. Onların da bir qisminin fotoşəkilləri mənim əlimdə var. Faktiki olaraq, Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldıra, bu işi edənlərin cəzalandırılmasını və təzminat tələb edə bilər”.