BAKI, 11 aprel. TELEQRAF
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib.Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, köç karvanında yer alan 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir ki, mərhələli şəkildə köç davam edir. Bu gün də daxil olmaqla kəndə 70 ailə ( 238 nəfər ) köçürülüb. Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir. Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər də yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub.
***
11:21
Ağdərə rayonunun Həsənriz kəndinə bu gün 20 ailə (72 nəfər) köçürülür.
Teleqraf xəbər verir ki, Bərdə rayonundan 11 ailə (40 nəfər), Bakı şəhərindən 2 ailə (9 nəfər), Goranboy rayonundan 2 ailə (8 nəfər), Oğuz rayonundan 2 ailə (7 nəfər), İsmayıllı rayonundan 1 ailə (4 nəfər), Tərtər rayonundan 1 ailə (3 nəfər) və Abşeron rayonundan 1 ailə (1 nəfər) yola salınıb.
Köçürülən 20 ailə (72 nəfər) məskunlaşdıqları ərazilərdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Tərtər RİH-in nümayəndələri tərəfindən yola salınacaq və Tərtər şəhərində yerləşən Bayraq meydanında köç karvanı yaradaraq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək, kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
Beləliklə, bu günkü köç də nəzərə alınmaqla Həsənriz kəndinə cəmi 70 ailə (238 nəfər) köçürülüb.