MİNGƏÇEVİR, 10 aprel. TELEQRAF

Bölgələrdə kərə yağına təlabat varmı? Ev şəraitində hazırlanan kərə yağının xərci borcunu ödəyirmi?

Bu suallara aydınlıq gətirmək üçün Teleqraf-ın yerli bürosunun əməkdaşı Mingəçevir şəhərindəki bazarlarda kərə yağının satışı ilə məşğul olan şəxslərlə həmsöhbət olub. Məlum olub ki, hazırda yerli bölgə bazarlarında alıcılara 3 növ nehrə yağları təklif olunur; inək, camış və qarışıq yağlar.

Alverçi İsmayıl Kazımov nehrə yağlarının Mingəçevir bazarlarına qonşu rayonlardan gətirildiyini deyir: "Bazara ən keyfiyyətli, dədə-baba üsulla hazırlanan yağlar Ağdaş rayonunun Qumlax, Mürsəl, Aşağı Nemətabad, Qaradeyin, Eymir və Xınaxlı kəndlərindən gətirilir. Camışın südü az və yağlılıq dərəcəsi yüksək olduğu üçün onun ağartı məhsulları baha satılır. İnək yağı16 manata kəndlidən alınıb 17-18 manata satılır. Camış qatığı isə 18 manata alıb 20 manata satırıq".

İllərdir nehrə yağı satışı ilə məşğul olan Simnar Əliyeva da bildirir ki, bazarda təlabat əsasən inək yağlarınadır. O əsasən Yevlax rayonun Xaldan qəsəbəsində yaşayan bacısının hazırladığı nehrə yağlarının satışı ilə məşğul olduğunu deyir. Fikrini onunla əsaslandırır ki, nehrə yağları alarkən təmizliyi və keyfiyyətinə xüsusi diqqət yetirilir: "Bazarda nehrə yağları adları altında çoxlu saxta yağlar satılır. Saxta yağ alveriçiləri yetərincədir. Onlar 6 manat aldıqları "nehrə yağı"nı 15 manata satırlar. Təəssüf ki, alıcılar da mənşəyi məlum olmayan ucuz yağları alırlar".

Məsələnin ən maraqlı tərəfi də odur ki, bazarda saxta yağların satıldığını hər kəs bildiyi halda, heç kəs buna qarşı tədbir görmək istəmir.

Qeyd olunur ki, 1 kq nehrə yağının alınması üçün 25 litrə qədər süd lazım olur. Südün bir litrinin bölgələrdə 1 manat civarında satıldığını nəzərə alsaq, ondan əldə olunan yağın 20 manatdan ucuz satılması məhsulun xərcinin borcunu üstələdiyini göstərir.