BAKI, 10 aprel. TELEQRAF

Bu gün Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə iştirak edən qonaqlara Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Eyni zamanda, Dənizkənarı Milli Parkda Qətərə həsr olunmuş sərginin də açılışı baş tutub. Sərgi 10–13 aprel tarixlərini əhatə edəcək. Bu müddət ərzində ziyarətçilər müxtəlif pavilyonlarda Qətərin zəngin milli irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Sərgidə Qətərin milli geyimləri, mətbəxi, musiqisi, toxuculuq və kalliqrafiya sənəti nümunələri nümayiş olunur. Həmçinin, sərgi günlərində Qətərdən dəvət olunmuş musiqiçilərin iştirakı ilə açıq hava konsertləri də təşkil ediləcək.

Bu tədbirlər Azərbaycan və Qətər arasında mədəni əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında münasibətlər qarşılıqlı etimada və dostluğa əsaslanır. İki ölkə mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda fəal şəkildə iştirak edir.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada keçirilən Azərbaycan Mədəniyyəti Günləri də dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Bundan əvvəl isə, 2009-cu ilin iyun ayında Bakıda Qətər Mədəniyyəti Günləri keçirilib.

Bu cür tədbirlər Azərbaycan və Qətər arasında mədəni dialoqun inkişafına, xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluğun güclənməsinə mühüm töhfə verir.