
BAKI, 4 aprel. TELEQRAF
Bakıda Ağ şəhər ərazisində "Nicat" Qapalı Tipli Səhmdar Cəmiyyətinin ərazisində yerləşən yaşayış evi fevralın 20-22-də içərisində ailə üzvləri olarkən sökülüb.
Bunu Teleqraf-a açıqlamasında ailə üzvlərindən biri Cəbrayıl rayon sakini 1993-cü il təvəllüdlü Aida Maxsudova deyib.
O bildirib ki, Xətai Rayon İcra Hakimiyyətinin dediyinə görə, bura dövlət ehtiyacı olan yer, yəni abadlaşdırma sahəsidir.
“Mən Cəbrayıl rayonundanam, amma məcbur köçkün deyiləm. Evimiz Ağ Şəhərin mərkəzi ərazisində yerləşir. Biz evimizin nə vaxtsa, söküləcəyini bilirdik və buna etirazımız yox idi. Biz demişdik ki, bizə lazım olan kompensasiyanı təmin edin, ondan sonra razılaşaq. Amma onlar bizə lazım olan kompensasiyanı təmin etmədilər və aylarla təzyiq göstərdilər. Bizi bezdirib çıxarmaq üçün qaz, su, işıq kimi kommunal xətləri kəsdilər. Bizə cəmi 90 min manat təklif etdilər. Bizim ərazidə məcburi köçkünlər də yaşayıb, amma biz məcburi köçkün deyilik. Əvvəlcə, onlar məcburi köçkün olmadığımız üçün "sizə heç nə düşmür" dedilər. Sonra minnətlə dedilər ki, məcburi köçkünlərlə birlikdə sizə də nə isə verərik”, - deyə əlavə edib.
Onun sözlərinə görə, halbuki, həmin ərazi "Nicat" Səhmdar Cəmiyyətinin ərazisidir və sözügedən müəssisənin əsas təsisçisi onun atası olub:
“Bu, 1990-ci illərdə baş verib. Həmin ərazi 1992-ci ildən Bakı şəhər, Xətai rayon, S.Vəzirov - 33 ünvanında yerləşən, təsisçilərinin ümumi yığıncağının 15.10.1992-ci il tarixli 1 saylı protokolu ilə təsdiq edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 18.11.1992-ci il tarixli, 1646 saylı Sərəncamı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 30.07.1993-cü il tarixli, 389 saylı qeydiyyatı ilə təsis olunmuş, ofisinin sahəsi 159 m/kv + 95 m/kv ümumi tikili, istehsal sahəsi təqribən 1200 m/kv olan, nəzarət paketi mənim atama aid olub və o, sözügedən müəssisənin əsas təsisçisi olub. Biz 1993-cü ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra ailə üzvlərimlə birlikdə Süleyman Vəzirov 33 ünvanında yaşamağa başlamışıq.
Valideynlərim həmin yeri Xətai Rayon İcra Hakimiyyətinin təsdiqi ilə sərəncamlı şəkildə alıblar və 2 milyon 200 min manat ödəniş ediblər. Əlimizdə rəsmi sənədlər və sərəncam var, dəfələrlə də göstərmişik. Bu ərazinin tək təsisçisi atam olmasa da, bütün məsuliyyət, nəzarət atamın üzərindədir, səlahiyyətli şəxs də atamdır. Buna baxmayaraq, onlar bütün cəhdləri ilə müəssisəsinin adını batırmağa çalışırlar”.
A.Maxsudova ətrafda olan bir neçə evin də bu şəkildə söküldüyünü bildirib:
“Mən və digər ailə üzvlərimdən əlavə digər qonşuların da evini bu cür zorakı şəkildə uçurublar. Biri BDU-nun professoru Fəxrəddin Məmmədovdur, digəri isə Laçından məcburi köçkündür. Evin içində ola-ola evi buldozerlə uçurulanlardan biri də elə məcburi köçkündür, hadisə evdə xanım olarkən baş verib. Fevralın 20-də professorun evini uçurdular və o, evdən sadəcə kitablarını və çantasını götürə bildi, qalan bütün əşyaları qaldı. Onlar da öz haqlarını tələb edirlər. Hamıya haqsızlıq oldu. Onlar da şikayətə, danışmağa hazırdırlar”.
Onun sözlərinə görə, təxmini 30 il əvvəl onlara bildirilib ki, sözügedən müəssisəyə sadəcə 1 il müddətində məcburi köçkünlər yerləşməli və 1 il sonra çıxmalı idilər, lakin elə olmayıb:
“30 ilə yaxın məcburi köçkünlər bu müəssisədə yaşadılar. Müəssisəsinin fəaliyyəti dayandı və indi bizim müəssisəni görməməzliyə vururlar. Bu, o demək deyil ki, müəssisə yoxdur. Əlimizdə rəsmi sənəd, sərəncam olmasına, qeydiyyatda olmağımıza baxmayaraq, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri evimizi bu cür zorakı şəkildə uçurub. Onların bunu etməyə haqları yoxdur. Biz evdə ola-ola, əşyalarımız olduğu halda bu hadisələri törədiblər. 90 min manatı zorla valideynlərimə sırıdınız. Mənə maraqlıdır, hansı əsasla bu minimal məbləği təklif ediblər?! Dəfələrlə soruşmağımıza baxmayaraq, bu suala cavab verə bilməyiblər.
Bu hadisələr baş verəndə biz bütün günü evdə olmağa çalışırdıq, çünki bilirdik ki, evdən çıxan kimi evimizi uçuracaqlar. Bütün bunlara baxmayaraq, yenə də biz evin içində olduğumuz halda onlar bunu etdilər. Gördüyünüz kadrlar baş verdikdən bir müddət sonra, hansı ki, biz özümüzü, evimizi müdafiə edirdik polislər gəldi və bizi saxladılar. Polislər gələnə qədər heç olmasa, nə isə etməyə çalışırdıq. Onlar gəldikdən sonra rahat-rahat evimizi uçurdular. Onlar bizə bu kompensasiyaya razı olmasanız, gəlib evi məcbur sökəcəyik demişdilər. Evləri sökəndə əhaliyə qorxu salmaq üçün öz qara maskalı dəstələri ilə gəlirlər, şahidlər də var. İnsanların əşyalarını zorakı şəkildə maşınlara yığıb harasa aparırlar, camaata da deyirlər ki, hara gedirsiniz gedin. Bizə də elə edəcəklərini demişdilər. Evdə olan iki azyaşlı uşağa görə sonda atam məcbur qalıb 90 minə razılaşdı. Əslində, bunu uşaqları evdən çıxarmaq, başqa yerə yerləşdirmək üçün, yəni vaxt qazanmaq üçün etdi, çünki indi gəlib imza atmasan, gəlib sizi dediyimiz formada köçürəcəyik deyilmişdi. Belə ki, valideynim sabahı gün imzasından imtina etdi. Və əlimizdə valideynimin imzasından imtinası ilə bağlı da təsdiq sənədi var. Amma buna kimdir baxan?! Zorla bir imza alıblar! Dedilər ki, özün bilərsən, razılaşmasan, bundan da olacaqsan. Amma hansı haqla o qədər sahəyə 90 min verirlər?! Fevralın 21-i valideynlərimə 90 min ödəniş etdilər. Fevralın 22-i ev tamamilə söküldü və bizə ev almaq üçün vaxt da vermədilər. İlin ən soyuq vaxtlarında biz qohum evində, başqa yerlərdə qalmalı olduq. Onlar bizə guya kirayə ev tutub ora göndərirdilər. Amma ev o qədər pis vəziyyətdə idi ki, biz oranı qəbul etmədik”.
O, təzyiqlər edilən ərəfədə bir çox yerə şikayət etdiklərini bildirib:
“Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Rayon Prokurorluğuna, Milli Məclisə, Ombudsmana və Prezident Administrasiyasına şikayət etdik. Heç biri bizim işimizə baxmayıb. Prezident Administrasiyasına şikayət etdikdən sonra bu məsələ daha da kəskinləşdi və daha da pis formada təzyiq etdilər. Sanki Xətai Rayon İcra Hakimi Rafiq Quliyev acığa düşüb. Bu mövzu ilə bağlı səs yazısı da var. Mənim atama dedilər ki, sənin qələmini Rafiq Quliyev qırıb. Belə çıxır ki, biz şikayət edib haqqımızı tələb etdikcə bizim qələmimiz qırılır?! Artıq bu dərəcədə özbaşınalıqdır? Bu qədər yer üçün bizə 90 min təklif etdilər. Biz o məbləğə görə də şikayətçi olacağıq, çünki haqqımız o məbləğ deyil. Ərazinin yarısını illər əvvəl yoxa çıxarma cəhdləri bəs deyil, digər yarısı üçün də bu qədər minimal məbləğə "yola vermək" istəyirlər.
Biz Xətai Rayon İcra Hakimiyyətinin polislərini də şikayət edəcəyik. Bizim həyətimizdə 10 min manata yaxın dəmir və digər materiallarımız var idi. Gözümüzün önündə bizim o materiallarımızı da götürdülər. Onlar həm evimizi sökdülər, həm də talan etdilər, oğurladılar.
Bizim məhkəməyə müraciət etməyə fürsətimiz olmadı, amma məhkəməyə də müraciət edəcəyik. Mən bunu dünyanın hər yerində, xarici mediada da işıqlandıracam. Bu məsələnin sonuna qədər gedəcəm”, - deyə vurğulayıb.
A.Maxsudova söküntü şirkəti haqqında da danışıb:
“Bizim vəkilimiz araşdıranda söküntü edən şirkət kimi ”RAMCO” QSC tikinti şirkətinin iştirak etdiyi çıxdı. Amma onlar bu məsələlərdə qətiyyən iştirak etməyiblər, yəni heç bir tikinti şirkətinin nümayəndəsi gəlməyib. Qanunlara görə, Xətai Rayon İcra Hakimiyyəti alan tərəf ola bilməz, amma alan tərəf kimi çıxış edir və biz dəqiq bilmirik ki, ərazimizi kim aldı. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və polisləri evi sökmək üçün dəfələrlə gəldilər və sonda sökdülər. Hətta biz bayraq asmışdıq ki, bayrağa toxunmaq olmaz. Buna görə, tikinti şirkətində ekskavator sürücüsü işləyən 1-2 nəfər işdən imtina edib getdilər ki, biz belə bir iş görə bilmərik. Amma onlar yenə də bunu etdilər. Bayrağı da, evi də sökdülər”.