
QƏBƏLƏ, 10 aprel. TELEQRAF
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ - Xankəndi ultramarafonuna start verilib.
Teleqraf-ın məlumatına görə, İdman paytaxtı Qəbələdə keçirilən açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətini qeyd edərək bu qürurlu yolda iştirakçılara uğurlar arzulayıblar.
Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ultramarafon açıq elan edilib.
Yarışda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Moldovadan olan 81 iştirakçı mübarizəyə başlayıb.
Ultramarafonun ilk günündə iştirakçılar Qəbələdən Ağdaşadək 55 km-lik məsafəni qət edəcəklər. Ümumilikdə 192 km məsafəni əhatə edən 4 mərhələli ultramarafonda növbəti finiş nöqtələri Bərdə və Ağdamda olacaq.
Aprelin 13-də Xankəndi şəhərində yekunlaşacaq son mərhələdə ultramarafonun qalibləri məlum olacaq.