
BAKI, 9 aprel. TELEQRAF
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən yenidən qurulan Ağdərə rayonunun Suqovuşan kəndinə respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülüb.
Bu gün kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açarlar sahiblərinə verilib. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.
***
11:57
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 54 ailə - 179 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.