BAKI, 11 aprel. TELEQRAF

İran və Ermənistanın Norduz bölgəsində iki günlük birgə hərbi təlimləri başa çatıb.

Teleqraf İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, təlim proqramına yüngül və ağır silahlardan istifadə, xüsusi təyinatlıların snayper bacarıqlarının nümayişi, partlayıcı əməliyyatlar, eləcə də atəş dəstəyi daxildir.

Təlimlərin əsas məqsədi sərhəd təhlükəsizliyinin gücləndirilməsi olub.

Təlimlərə briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani rəhbərlik edib.

O qeyd edib ki, İranın prioriteti bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməkdir.

Briqada generalı Alireza Madani bildirib: "Təlimlərin məqsədi davamlı sərhəd təhlükəsizliyini gücləndirmək və terrorizmlə mübarizədir".

Qeyd edək ki, təlimlər SSRİ-nin dağılmasından bəri Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunan Aqarak/Norduz sərhəd məntəqəsinin ətrafında aparılıb. Bu ərazidə rus sərhədçilər 2025-ci ilin yanvarından erməni sərhədçilərlə əvəzlənib.