BƏRDƏ, 22 mart. TELEQRAF

Azərbaycan Ordusunun qar uçqununda həlak olan əsgəri Rüstəm Həmidov Bərdə rayonunda dəfn olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərhumla vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, əsgərin ailə üzvləri və yaxınları iştirak edib.

Mərasim başa çatandan sonra mərhumun cənazəsi Bərdənin Güloğlular qəbiristanlığına aparılıb və orada dəfn olunub.

Qeyd edək ki, Həmidov Rüstəm Ruslan oğlu 2005-ci il avqustun 15-də anadan olub. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər İmanov Əli Tariyel oğlu Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də onların nəşi aşkar edilib.

R.Həmidov aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqmış. Nişanlı idi.