BAKI, 15 mart. TELEQRAF

Təəssüf ki, bəşəriyyət kifayət qədər güclü deyil.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr” panel müzakirələrində Moldovanın sabiq Baş naziri Çiril Qaburici bildirib.

Onun sözlərinə görə, qlobal böhran təkcə səhiyyə sistemi ilə əlaqəli problem deyil:

“Biz COVID-19 pandemiyasından keçdik və müəyyən dərslər çıxardıq. Oxşar hal yaşanarsa, infrastruktur buna cavab verəcək, yoxsa yox, bu maraqlıdır. Səhiyyə sisteminə maliyyə yatırılmalıdır. Kiçik və yoxsul ölkələrin maliyyə dəstəyinə ehtiyacı var. Müharibə şəraitində olan ölkələrdə problem təkcə xəstəxanalarla bağlı deyil, həm də dərman və digər tibbi vasitələrə çıxış problemidir. Bu cür ölkələrə qlobal dəstəyin göstərilməsi mütləqdir.

Yardım isə elə bir formada paylanmalıdır ki, fövqəladə vəziyyət yarandıqda həmin dərmanlara çıxış əlçatan olsun. Biz birgə işləməyi öyrənməliyik. Böhran vəziyyətinə reaksiyamızı gücləndirməliyik. Təəssüf ki, kiçik xalqlar və dövlətlər hələ də çətinlik içərisindədir”.