BAKI, 10 mart. TELEQRAF

Bu il martın 1-nə olan məlumata əsasən, kütləvi məzarlıqlardan və digər ərazilərdən itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən ümumilikdə 688 insan qalığı aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında bildirilib.

"2025-ci il martın 1-nə olan məlumata əsasən, aşkar edilmiş insan qalıqları üzərində aparılan məhkəmə-molekulyar genetik ekspertizanın nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 165 nəfərin şəxsiyyəti müəyyən edilib, ictimaiyyətə elan olunub, ailələrinə təhvil verilib və qanuni tələblərə, milli-dini ənənələrə uyğun şəkildə dəfn edilib",- hesabatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan hökuməti əsir və girovların azad olunması, eləcə də itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlərini davam etdirəcək.

Tədbirdə həmçinin Komissiyanın yaradılması və onun fəaliyyətinin hüquqi bazası haqqında da məlumat verilib. 2001-ci il 1 iyul tarixində Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə təsis edilən Komissiya bu sahədə müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərir.

Bundan əlavə, tədbirdə itkin düşən şəxslərlə bağlı məzar yerlərinin axtarışı, qazıntılar və ekshumasiya işlərinin aparılması barədə də danışılıb. Bu prosesdə aidiyyəti dövlət orqanları, o cümlədən Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, ANAMA, AMEA Arxeologiya və Antropologiya İnstitutu və yerli icra orqanlarının birgə çalışdığı bildirilib. Xüsusilə, 2021-ci ildə mütəxəssislərdən ibarət xüsusi bir qrup yaradılıb və bu fəaliyyət davam etdirilir.