BAKI, 10 mart. TELEQRAF

Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri, eləcə də həyata keçirilən digər təxirəsalınmaz tədbirlər nəticəsində 309 nəfərə aid olduğu ehtimal olunan insan qalıqları aşkarlanaraq ekshumasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub.

Hesabatda deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı şəxsiyyəti müəyyən edilmədən dəfn edilmiş 192 nəfərə aid insan qalıqları respublikanın 15 şəhər və rayonunda yerləşən 23 qəbiristanlıqda naməlum şəhid məzarlarından ekshumasiya edilib.