GƏNCƏ, 8 mart. TELEQRAF

Məlum olduğu kimi, III MDB İdman Oyunları bu il Azərbaycanda keçiriləcək. Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil ediləcək. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə Gəncədə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri aparılır.

Şəhərin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir olunan küçələrin ümumi sahəsi 843 min kvadratmetr təşkil edir. Bununla yanaşı, bir sıra prospektlərdə, küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyü yenilənir.

Şəhərin idman infrastrukturu da yenilənir. III MDB Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Gəncə şəhər stadionu yenidən tikilir. Ötən ilin aprel ayında inşasına başlanılan tikinti işləri sentyabr ayında başa çatacaq. Mərkəzi stadion 1964-cü ildə rəsmən istifadəyə verilib. Zamanla baxımsız vəziyyətə düşdüyü üçün Prezident İlham Əliyevin sərəncamı ilə stadion yenidən qurulur. Tam müasir tələblərə cavab verəcək kompleksin 15,400 nəfər tamaşaçı tutumuna malik olması nəzərdə tutulur.

MDB Oyunlarının bir hissəsinin də Gəncə İdman Sarayında təşkil olunacağı planlaşdırılır. Ölkə başçısı tərəfindən açılışı edilən idman sarayında beynəlxalq səviyyəli 8 idman növü üzrə yarışlar keçiriləcək. Sarayın azarkeş tutumu isə 2,200 nəfərdir.

"Böyük zalda basketbol, voleybol, futbol və digər növlər üzrə yarışlar reallaşacaq. Sarayda VİP bölmələri də mövcuddur. Atıcılıq və üzgüçülük bölməsi də var, burada üzgüçülük bölməsi dünya standartlarına cavab verir. Hündürlüyü əl ilə tənzimləmək mümkündür. Biz tam hazırıq və MDB Oyunlarını gözləyirik", – deyə Gəncə-Daşkəsən Regional İdman İdarəsinin rəisi Elvin Quliyev açıqlamasında bildirib.

Şəhərin hüsnünə gözəllik verən tarixi abidələrimiz də diqqət mərkəzindədir. Beynəlxalq yarışları izləmək üçün minlərlə turistin gəlməsi gözlənilir. Elə bu günlərdə Gəncədə səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar. Qeyd edək ki, Şah Abbas məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Bu məscid XVII əsrə aid Arran memarlıq üslubunda inşa edilib və Gəncəçayın sol sahilində, şəhərin tarixi mərkəzində yerləşir.

Məscidin memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbinə xas olan lakoniklik və ifadəlilik bu tarixi-dini abidədə əks olunub. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verilib.

Hüseyniyyə məscidi isə XIX əsrdə inşa edilib. Dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi də tanınır. Hazırda bu abidədə təmir-bərpa işləri aparılmasına zərurət yaranıb və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

Bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadığı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu, "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparır, mövzuya aid sərgilər təşkil edir.

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi də şəhərin tarixi abidələrindən biridir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfəri çərçivəsində bu dini abidəyə də baxış keçirilib və ziyarət olunub. Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa edilib. Kilsə Bizans üslubunda kərpicdən tikilib. 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb, sonra isə bir neçə dəfə müxtəlif məqsədlərlə istifadə edilib. 1946-cı ildə kilsə yenidən ibadət məqsədilə açılıb.

Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub və 2017-ci ildə təmir edilib. Azərbaycan daxilindəki pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidənin növbəti təmir işlərinə ehtiyacı olduğu bildirilir.

Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Ölkənin ikinci böyük şəhərinin təhsil sahəsi də ayrıca önəm daşıyır. Belə ki, yeni məktəblər və məktəbəqədər təhsil müəssisələri tikilir və bərpa edilir. Mehriban xanım Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olub. Məktəb binası artıq istifadəyə yararsız vəziyyətdə olduğundan, Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayında əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri bu ilin sentyabr ayında, yeni tədris ilinə qədər yekunlaşdırılması planlaşdırılır.

Yeni tədris ili üçün Heydər Əliyev Fondu, paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini başa çatdırmağı nəzərdə tutur. Məktəblə yanaşı, 40 saylı körpələr evi-uşaq bağçası da əsaslı təmir ediləcək. Mehriban xanım məktəbəqədər təhsil müəssisəsindəki təmir-bərpa işləri ilə tanış olub və bu sahədə müvafiq tapşırıqlarını verib. Bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub və hazırda 120 yerlik uşaq bağçasında 70 uşaq təlim-tərbiyə alır. Lakin bina artıq yararsız vəziyyətdədir.

Həmçinin Birinci vitse-prezident Gəncəyə səfəri çərçivəsində Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə də baş çəkib, buradakı vəziyyətlə yaxından tanış olub. Mərkəz ana olmağa hazırlaşan qadınlara və yeni doğulmuş körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərir. Burada 80 çarpayı və 4 şöbə var. Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov jurnalistlərə bildirib ki, mərkəzdə ildə təxminən 2500-3000 xəstə qeydə alınır, bunların 30%-i isə keysəriyə əməliyyatı ilə doğuş edirlər.

Qeyd edək ki, ölkədə ilk olan Gəncə şəhər Perinatal Mərkəzi 2008-ci ildə fəaliyyətə başlayıb.