BAKI, 7 mart. TELEQRAF

Orucu pozan əməllərlə bağlı bəzən fikirlər üst-üstə düşmür və bu, çaşqınlıqlara səbəb olur. Diş fırçalamaq, saqqız çeynəmək, biri ilə görüşəndə onu öpmək kimi hərəkətlərin orucu pozduğu söylənilir. Bu fikirlər həqiqəti əks etdirirmi?

Əslində orucu batil edən nələrdir?

Mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov deyib ki, bilərəkdən yeyib-içmək, cinsi münasibətdə olmaq orucu pozur. Bilmədən, unudaraq yeyib-içmək orucu pozmaz.

Onun sözlərinə görə, bəzi hallarda qüsl almadan oruc tutmaq olar, lakin ilk fürsətdə qüsl alınmalıdır.

“Oruclu ikən duş qəbul etmək, yuyunmaq, diş fırçalamaq olar. Sadəcə, su ağız boşluğuna daxil olmamalıdır. Biri ilə görüşdükdə onu öpmək orucu pozmaz. Hətta naməhrəm birini öpdükdə də oruc pozulmaz, amma savabı azalar. Həmçinin qadınlar oruclu ikən heyz olsalar, bu halda oruc pozular”, - deyə Elvüsal Məmmədov vurğulayıb.

Bunlar orucu pozur

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Kövsər Tağıyev də orucu pozan əməllər sırasında əsasən yemək, içmək və cinsi münasibəti önə çəkib.

Onun sözlərinə görə, bu sadalananlar orucun başlıca prinsipləridir, yəni bədənə daxil olub qidalandıran və həzz verən məsələlərdir.

“Məsələn, siqaret çəkmək 3 başlıca prinsipə aid olmasa da, həzz verdiyi üçün orucu pozan əməllər sırasına daxildir. Həmçinin, saqqız çeynəyəndə onun tərkibində olan maddələrin ağız suyuna qarışaraq udulması da orucun pozulması sayılır. Buna görə də oruc tutarkən onu birbaşa və dolayısıyla pozan əməllərə xüsusi diqqət yetirmək lazımdır”, - deyə əlavə edib.

Kövsər Tağıyev diş fırçalamaq, biriylə görüşəndə onu öpmək kimi əməllərin orucu pozub-pozmaması ilə bağlı fikir ayrılıqlarına da aydınlıq gətirib:

“Bəziləri düşünür ki, diş fırçalamaq, kiminləsə görüşəndə onu öpmək orucu poza bilər. Amma elə deyil, sadəcə diş fırçalayanda ağıza alınan su udulmamalıdır. Biri ilə görüşəndə öpmək məsələsinə gəlincə, ailədaxili münasibətlərdə ər-arvad bir-birilərini öpə bilərlər, amma bu, cinsi münasibətə çevrilməmək şərti ilə olmalıdır”.

Kövsər Tağıyev bəzən qüsl almadan da oruc tutmağın mümkün olduğunu deyib.

“Əgər orucu pozan yuxarıda dediyimiz başlıca səbəblər olmayıbsa, onda qüsl almadan oruc tutmaq olar. Yəni oruca başlamaq üçün bu, maneə deyil, orucu tutduqdan sonra isə qüsl almaq lazımdır. Bəzi alimlərə görə qüslsuz oruc batildir. Yaxşı olar ki, qüsl almadan oruc tutduqda axşama qədər qüsl alınsın, bu, zahiri mənada orucu batil etməz, amma oruc tutanın mənəviyyatına zərər verə bilər”, - deyə vurğulayıb.