
BAKİ, 7 mart. TELEQRAF
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla görüş keçirib.
Teleqraf xəbər verir ki, görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Kollegiya sədri Anar Bağırov Səbuhi Göyüşovu müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, onun uğurunu yüksək qiymətləndirib və bu cür proqramların ölkəmizdə istedadlı gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Eyni zamanda sədr Səbuhi Göyüşovun mentorluq proqramı çərçivəsində idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK tərəfindən zəruri dəstək göstəriləcəyini, birillik fərdi inkişaf planı əsasında onunla sıx əməkdaşlıq ediləcəyini, habelə öz təcrübəsini bölüşərək potensialını üzə çıxarmasına kömək olacağını bildirib.
Həmçinin Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan, Kollegiyanın maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və eyni zamanda qarşıda duran hədəflərdən söz açıb.
Səbuhi Göyüşov isə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib, müsabiqə haqqında təəssüratını bölüşüb, öz layihəsinin əsas məqsədləri və gələcək planları barədə danışıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.