
BAKI, 7 mart. TELEQRAF
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilib.
Teleqraf xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə ərsəyə gələn tədbirdə iştirak edən qonaqlar bu əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətimizin həyatında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlar zamanı Azərbaycan qadınının bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
Daha sonra məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.
Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.
Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı master-klass keçirilib.
Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.