BAKI, 3 iyun. TELEQRAF
“Bu gün burada təkcə siyasi bir məsələni deyil, bir xalqın yaddaşını, tarixdən doğan ədalət axtarışını və insanlıq ləyaqətini müzakirə edirik. Bu məsələ yurdlarından didərgin salınmış insanların, susdurulmuş xalqların, yandırılmış şəhərlərin, dəyişdirilmiş coğrafi adların və qoparılmış tarixi yaddaşın məsələsidir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransda deyib.
O vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məsələsi hər hansı bir ərazi iddiası deyil:
“Qərbi Azərbaycana qayıdış Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin əsas şərtlərindən biridir. Heç kəs bundan narahat olmamalıdır.
Bu, öz yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıtmaq hüququnun bərpası çağırışıdır.
Bu gün Ermənistan ərazisində yerləşən və tarixən azərbaycanlıların yaşadığı coğrafiyaya biz sadəcə xəritədə bir məkan kimi baxa bilmərik. Ora əcdadlarımızın məzarlarının olduğu, mədəniyyətimizin formalaşdığı, xalq mahnılarımızın yarandığı, həyat hekayələrimizin yazıldığı vətəndir. Bu həqiqətlər tarixi mənbələrdə, arxiv sənədlərində və elmi araşdırmalarda açıq şəkildə öz əksini tapıb”, - Şamil Ayrım vurğulayıb.