BAKI, 3 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən 2 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində, “Kapital Bank” ASC Ağstafa filialında, Samux rayonu Təhsil sektorunda və “Aztelekom” MMC-nin Qərb Regional filialında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məşqlərin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşqlər zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.