BAKI, 3 iyun. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə monitorinq qrupu Elm və Təhsil Nazirliyinin Bakı şəhərində 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində monitorinq keçirib.

Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqin məqsədi əlilliyi olan uşaqların təhsilə əlçatanlığı, onların təhsil almaq imkanlarının dəyərləndirilməsi olub.

Monitorinq çərçivəsində xüsusi diqqət tələb edən məsələlərdən biri də əlilliyi olan uşaqlarla bağlı xüsusi təhsil proqramlarının genişləndirilməsi, eyni zamanda, təhsildən yayınma hallarının araşdırılması məsələləri olub.

Müəssisədə təlim-tərbiyə prosesinin həyata keçirilməsi üçün zəruri olan dərsliklərin təminatı, tədris prosesinin gedişi, asudə vaxtın təşkili, keyfiyyətli qida məhsulları ilə təminat və psixoloji rahatlıq üçün yataq otaqlarının təşkilinin monitorinqi aparılıb, yeməkxanaya, kitabxanaya, hamam otaqları və sanitar qovşaqlara baxış keçirilib.

Monitorinq qrupu tərəfindən müəssisə rəhbərliyinə şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı addımların atılması tövsiyə edilib.

Eyni zamanda, xüsusi məktəbdə təhsil alan eşitmə qabiliyyəti tam və qismən məhdud olan şagirdlər, həmçinin müəllim və tərbiyəçi heyəti ilə fərdi söhbətlər aparılıb.

Sonda eşitmə qabiliyyəti tam və ya qismən məhdud olan şagirdlər üçün tədris prosesində jest dili, mimikalar, bədən dili və dodaq oxuma, eləcə də surdotərcümənin tətbiqi ilə bağlı pedagoji heyət ilə fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.