BAKI, 3 iyun. TELEQRAF

İyunun 3-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri Marta Koomenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan və Keniya arasında əlaqələrin son illər dinamik şəkildə inkişafının məmnunluq doğurduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sədr may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto ilə görüşünün ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı etimadın göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Marta Koome qeyd edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasında, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin rəqəmsallaşdırılması prosesi ilə tanışlıq maraqlıdır. O, Keniya Ali Məhkəməsinin fəaliyyəti barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Xanım sədr başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfəri çərçivəsində Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, bölgənin sosial-iqtisadi inkişafını və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində görülən tədbirləri yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.

Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.