BAKI, 3 iyun. TELEQRAF
İran və Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirinin müavini Əlirza Cəbbari bildirib.
Onun sözlərinə görə, İran neft nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirakı, D-8 ölkələrinin energetika nazirlərinin iclasına qatılması, eləcə də Azərbaycanın energetika naziri və SOCAR rəhbərliyi ilə keçirdiyi görüşlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirib:
“İran və Azərbaycan arasında enerji tərəfdaşlığı uzun illərdir “qaz svopu”, elektrik enerjisinin qarşılıqlı mübadiləsi, həmçinin Araz çayı üzərində yerləşən Xudafərin və Qız Qalası hidroqovşaqları ilə əlaqədar layihələr əsasında inkişaf edir.
Bu əməkdaşlıq regional enerji təhlükəsizliyinin təmin olunmasına, xüsusilə Naxçıvanın qaz və elektrik enerjisi ilə təchizatına mühüm töhfə verib”.
Onun sözlərinə görə, hər iki ölkənin zəngin enerji ehtiyatları, inkişaf etmiş infrastrukturu və əlverişli coğrafi mövqeyi neft, qaz, neft-kimya və bərpa olunan enerji sahələrində yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər açır:
“Qlobal enerji bazarında risklərin artdığı bir dövrdə İran və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır”.
O əlavə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr qarşılıqlı investisiyaların artırılmasına, yeni təşəbbüslərin irəli sürülməsinə və texnoloji əməkdaşlığın inkişafına təkan verə bilər:
“Beynəlxalq platformalarda keçirilən görüşlər region ölkələri arasında etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və strateji tərəfdaşlığın güclənməsinə xidmət edir”.