
BAKI, 21 fevral. TELEQRAF
Bir soyuq fevral axşamıdır. Paytaxt Bakıya ilin ilk qarı yağır. Dünən axşam saatlarından başlayan qar yağdıqca, şəhərin simasına sanki başqa bir gözəllik yansıyırdı. Bir neçə saata sonra küçələr, prospektlər, məhlələr ağ örpəyə bürünmüşdü. Qarın yağması təkcə uşaqları yox, böyükləri də sevindirmişdi. İnsanlar pəncərələrdən bu mənzərəni heyranlıqla izləyir, məhlə və küçəyə çıxanlar isə ilk qarın sevincini doyunca yaşamağa çalışırdılar. Hər tərəfə baxdıqca qartopu oynayan uşaqların səsi eşidilir - kimisi qarda uzanıb diyirlənir, kimisi isə kiçik əlləri ilə "Qar adam" düzəltməyə çalışırdı. Bu sevinci müşahidə etmək üçün mən də onların yanındaydım. Balacaların üzündəki sevinc, gözlərindəki işıq içimi isidirdi. Bu mənzərəni izləyərkən uşaq vaxtlarıma geri dönürdüm. O günlərdə qarın yağmasını səbirsizliklə gözləyər, ilk qarı görəndə elə indiki uşaqlar kimi sevinərdim. İllər keçsə də, hər dövrdə uşaqları birləşdirən o saf duyğular dəyişmir – sevinc, səmimiyyət və xoşbəxtlik.
Yaşadığım ərazinin parkında tamam başqa bir mənzərə vardı. Burada əsl sevinc izdihamı yaşanırdı. Sanki birinci qar illərlə heç sevinməyən 70 yaşlı Elxan dayı və Qəmər xalanının könlünə sığal çəkməyə gəlmişdi. Onlar soyuğa baxmayaraq, parkdakı səs-küyə qoşulmuş, gözlərində illərin yorğunluğu yox, uşaqlıq şıltaqlığı vardı. 6 yaşlı Ayxan, 7 yaşlı Nuray, 13 yaşlı Aylin, 16 yaşlı Əsəd isə sanki nağıllar aləminə düşmüşdü. Qarın üzərində qaçır, qartopu oynayır, gah gülüb, gah da şaxtanın təsirindən burunlarını qızardırdılar. Onların sevincini izləmək insana qəribə bir istilik, xoşbəxtlik bəxş edirdi.
Səhər çağı isə paytaxtın yolları tamam başqa bir mənzərəni xatırladırdı. Gecə boyunca soyuq havanın təsirindən yollar buz bağlamış, nəqliyyatın hərəkətinə çətinlik yaratmışdı. İşə vaxtında çatmaq müşkülə çevrilmişdi. Avtobus dayanacaqlarında ümidlə gözləyən insanların üzündə həm çaşqınlıq, həm də narahatlıq vardı. Taksi xidmətləri də baha idi. 13 kilometr məsafə üçün tələb olunan məbləğ 21 manat göstərirdi. Nəqliyyat çətin işləsə də, şəhər yavaş-yavaş oyanır, insanlar yeni günə uyğunlaşmağa çalışırdılar.
Səhərin soyuq havasında, buz bağlamış yollarda hərəkət etmək asan deyildi. Bir neçə maşının sürüşərək idarəetməni itirdiyinin şahidi oldum. Mənim olduğum avtomobil də bir neçə dəfə eyni təhlükə ilə üzləşdi. Yol boyu dayanacaqlarda gözləyən insanların yorğun və bezgin baxışları bir tərəfdən, məhlələrdə sevinc içində oynayan uşaqların gülüşləri isə digər tərəfdən yaddaşıma həkk olunurdu.
Taksidə irəliləyərkən sürücü ilə söhbət edirik. O, dünənki hava şəraitinin təkcə şəhərdə deyil, rayon yollarında da çətinlik yaratdığını dedi. Bildirdi ki, dayısı oğlu Cəlilabada hərbi xidmətdə olan övladının "andiçmə" tədbirində iştirak etmək üçün axşam saat 7-də Bakıdan yola düşüb, lakin səhər saat 11-də oraya çata bilib. Adətən, 2 saata qət edilən bu məsafə buzlu yollar səbəbindən 16 saatlıq sınağa çevrilib. Görünən odur ki, qış təkcə şəhəri deyil, uzaq yolları da öz ağuşuna alıb.
Nəhayət, bir saatlıq gərgin yolçuluqdan sonra iş yerimə çatıram. Səhərin çətinlikləri bir anlıq məni yorub narahat etsə də, dünənki uşaqların gülüşü, Elxan dayı və Qəmər xalanın uşaqlıq sevincini xatırladan baxışları hər şeyi unutdururdu. Çünki sevincin yaşı olmur. Əmin oldum ki, qar təkcə şəhəri deyil, bizim düşüncələrimizi də yeniləyirmiş.
Əlbəttə, həyatın sərt və çətin yolarında addımlasaq da, bir uşaq gülüşü və bir ovuc qar insana hər şeyi unutdurur...