"Kənd təsərrüfatı əhəmiyyətli resurslar tələb edir və “Baku Harmoniya” təşəbbüsü ilə Azərbaycan bu investisiyaları əlçatan və mümkün qədər səmərəli etməyi hədəfləyir".
Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbirində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
“Təşəbbüsün məqsədlərindən biri dayanıqlı kənd təsərrüfatının dəstəklənməsi üçün investisiyaların səfərbər edilməsidir. Bakı Harmoniya təşəbbüsü vasitəsilə biz bu investisiyaları əlçatan və mümkün qədər səmərəli etməyə çalışırıq. Bu iş COP29 çərçivəsindən kənarda davam edəcək, sərhədlərimiz boyunca davamlılığı gücləndirən uzunmüddətli əməkdaşlığı və innovasiyaları təmin edəcək", - o əlavə edib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə deyib ki, biz artıq Azərbaycanda harmoniya prinsiplərini tətbiq edirik:
"Bu çərçivədə elektron platformalar və rəqəmsallaşma fermerlərin real vaxtda məlumat və resurslara çıxışını təmin edir. Biz bölgələrimizin davamlılığını təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq. Fermerlərə sərmayə qoyuruq, onlara təlim, alətlər və iqlimə davamlı təcrübələri tətbiq etmək üçün maliyyə stimulları təmin edirik. Lakin ən əsası, biz inklüziv inkişafa sadiqik".
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov əlavə edib ki, "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün üç məqsədi var:
“Birinci məqsədi indiyəqədər olmuş bütün aqrar təşəbbüslərin və bununla fəaliyyət göstərən 81-dən çox müxtəlif qrup və heyətlərin bir araya gətirilməsidir. İkinci məqsədimiz aqrar sahəyə təsir edən iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin təmin olunmasında düzgün yönləndirilməsinə xidmət etməkdir. Üçüncü və ən vacib məqam isə bunun hamısının fermerlərə dəstək olması üçün fermerlərin dəyişən iqlimə uyğunlaşan kənd təsərüffatında fəaliyyət göstərməklərini həyata keçirilməsini təmin etmək üçündür.
Kənd təsərrüfatı sahəsində bir neçə beynəlxalq təşkilatlarla Azərbaycana maliyyə ayrılması ilə bağlı danışıqlar aparırıq. Əsas istiqamət su təhcizatının yaxşılaşdırılması və müasir aqrotexniki iqlimə dost təcrübələr tətbiq edən fermerlərin dəstəyin artırılmasıdır".
Burundinin ətraf mühit, kənd təsərrüfatı və heyvandarlıq naziri Prosper Dodiko isə bunları deyib:
"Fermerlər üçün "Bakı Harmoniya İqlim Təşəbbüsü" kənd təsərrüfatı sektorunun bütün tərəflərini bir araya gətirir və uğurlu olacaq. Təşəbbüs yaxşı təcrübələri tətbiq etməyə imkan verəcək. Dünyada kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması tədbirləri ilə fermerlərin dolanışıqlarını təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik. Burundi əməkdaşlığı, sinerjini, harmonizasiyanı dəstəkləyir".
Qazaxıstan Kənd Təsərrüfatı nazirinin müavini Ermek Kenzhekanuly vurğulayıb ki, COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliklərinə uyğunlaşmada əhəmiyyətli bir mərhələ oldu:
"COP konfransı bizə digər regionlarla ən yaxşı təcrübələri bölüşmək üçün bir platforma təqdim etdi. Qazaxıstan metan emissiyalarının azaldılmasına xüsusi diqqət yetirir. Qlobal Emissiyaların Azaldılması Təşəbbüsü çərçivəsində biz otlaqların bərpası və üzvi əkinçiliyin inkişafı layihələrini öyrənirik. Artıq 4000-dən çox fermer günəş panellərindən istifadə edir, təxminən 100 təsərrüfat isə külək enerjisi sistemlərini modernləşdirib. Biz həmçinin yüksək məhsuldarlığı minimal ekoloji təsirlə təmin edən enerjiyə qənaət edən istixanalar inkişaf etdiririk. COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliklərinə uyğunlaşmada əhəmiyyətli bir mərhələ oldu. Biz karbon izini azaltmaq və kənd təsərrüfatının davamlılığını artırmaq məqsədinə doğru əmin addımlarla beynəlxalq arenada fəal əməkdaşlığı davam etdiririk".