
Naibə Allahverdiyeva: “Özümə xınayaxdı qrupu yaratmışam”
Azərbaycanda təntənə ilə qeyd olunan mərasimlərə son illər biri də əlavə olunub. Xınayaxdı adlanan bu mərasim toydan 2-3 gün öncə, adətən, qız evində keçirilir. Əslində, toya hazırlaşan ailələr əvvəllər də xınayaxdıya yığışırdılar. Amma onu sadə və səs-küysüz keçirirdilər.
Toydan bir gün öncə ən yaxın qohumlar qız evinə gedər, gəlinin barmaqlarına simvolik olaraq xına yaxardılar. Bunun üçün o qədər də böyük xərc tələb olunmurdu. Bir kasa xına, bir xonça konfet və gəlinin toy günü geyinəcəyi gəlinlik kifayət edirdi.
Amma indi bu qədim adətə xərc tələb eləyən çoxsaylı elementlər əlavə edilib. Belə desək, toy biznesinin tərkib hissəsi olan dəbdəbəli xınayaxdı mərasimləri evlənən gənclərin, təzə qohum olanların əməlli-başlı qayğısına çevrilib. Hətta xınayaxdı mərasimini keçirmək üçün məşhurlar özlərinə qrup da yaradıblar.
Görəsən, xına mərasimlərinə gedib pul qazanan məşhur insanların yaxdığı xınanın başqasından fərqi nədir?..
“İtib-batan adət-ənənələrimizi bərpa edirik”
Əməkdar artist Naibə Allahverdiyeva da çox vaxt xınayaxdı mərasimlərinə qrup şəklində dəvət alır. Onun sözlərinə görə, mərasimi təmtəraqlı şəkildə qeyd etməkdə məqsəd adət-ənənələrimizi dirçəltməkdir: “Əvvəllər qadın toylarına aparıcı kimi getmişəm. Sonra xınayaxdı mərasimlərini təmtəraqlı şəkildə keçirmək dəbə düşdü. Artıq 2 ildir özümün ”Xınalı gəlin" qrupum var.
Həm qrup, həm də fərdi şəkildə xinayaxdı məclisi aparıram. Hətta xına mərasimini təmtəraqlı keçirmək üçün Arif Səlimov sözləri Sürəyya Küskünə məxsus olan “Əli xınalı gəlin” mahnısını da məxsusi bizim qrup üçün bəstələdi. Həmin klipə baxıb məni məclislərə daha çox dəvət edirlər.
Əslində, belə məclisləri keçirmək çox yaxşıdır. Çünki insanlar itib-batan adət-ənənələrimizi yenidən həyata qaytarırlar. Mən getdiyim xınayaxdı məclislərinə əsaslanıb deyə bilərəm ki, onun özəlliklərindən biri də gəlin-qaynana münasibətlərinin istiləşməsinə, qudaların bir-birinə yaxınlaşmasına xidmət etməsidir".
“Lap Aşıq Pəri məclisinə bənzəyir”
Əməkdar artistin fikrincə, yalnız qadınların iştirak elədiyi bu mərasim Aşıq Pəri məclisini xatırladır: “Xınayaxdı mərasimi Aşıq Pəri məclisinə oxşayır. Gəlinlərimiz bu məclislərdə özlərini əsl Azərbaycan gəlini kimi hiss edirlər. Amma bir də görürsən kənardan buna biri qulp qoyur. Onsuz da arzusunda olanlar belə mərasimi təşkil etməkdən çəkinməyəcəklər. Sadəcə, artıq xərc tələb edən işlər var ki, onları yığışdırmaq lazımdır. Xınayaxdı bizim folklorumuzun bir qoludur. Bunun yüksək səviyyədə keçirilməsi daha vacibdir”.
Naibə Allahverdiyeva xınayaxdı mərasimlərinə hansı qiymətə getdiyini açıqlamadı, amma yaxın zamanlarda qrupunun reklamına başlayacağını bildirdi: “Pul söhbətinə gəldikdə, böyük məbləğ tələb etmirəm. Qiymətlər müxtəlif olur. Bu, dekorasiyalardan, qrup və ya tək şəkildə dəvət olunmağımızdan asılıdır.
Bəzən zəng edib deyirlər, Naibə xanim, siz tək gəlin. Elə də olub, atası-anası olmayan qızlar mənə zəng edib deyiblər ki, təmtəraqlı xına mərasimi istəyirik. Mən o məclisə elə-belə, cüzi pula getmişəm. Xına mərasimlərində qabiliyyətimi görənlər məni başqa məclislərə də dəvət edirlər. Artıq reklamın qayğısına qalmağı düşünürəm. Reklama üstünlük verməliyəm ki, qrupumun apardığı xına mərasimləri tanınsın, sevilsin".
Məşhurlardan asılı olaraq dəyişən qiymətlər
“Toppuş bacı” kimi tanınan Əməkdar artist Tünzalə Əliyeva da uzun müddətdir xınayaxdı biznesinə baş vurub. “Şəbu-Nər” adlı studiya açan aktrisanın şirkətində gözəllik salonu, toy-nişan, xına mərasimləri üçün xidmətlər təklif olunur.
Tünzalə Əliyeva studiyanı açan zaman mətbuata studiyadakı mərasim ləvazimatlarının satılmadığını, oranın xınayaxdı məclislərinin təşkili üçün nəzərdə tutulmuş bir ofis olduğunu söyləyib.
Aktrisada bu fəaliyyətə başlamaq ideyasından danışarkən bildirib ki, neçə illərdir toylarda bu işlə məşğuldur. Nəhayət, əziyyətimin bəhrəsini görmək üçün bu ofisi açıb.
Tünzalə Əliyeva getdiyi xına mərasimlərinin qiymətlərini də açıqlayıb. Tanışlara, jurnalistlərə, sənət adamlarına qiymət qoymadığını deyib. Ümumiyyətlə, qiymətlər 500-4000 manat arasında dəyişir. Milli geyimli qızlar, video çəkiliş, musiqi və sair kimi xidmətlər də təklif edilir.
Xına mərasimləri təşkil edən studiyaların daha biri ilə əlaqə saxladıq. Məlum oldu ki, xınayaxdı üçün hazırlanan geyimlər studiya tərəfindən sifarişlə alınır. Qiymətlər isə olduqca müxtəlifdir. Məsələn, xına əlcəkləri 15-35 manat, gəlin üçün üz örtüyü 25 manat, zinət əşyaları üçün nəzərdə tutulmuş zinət qabı 15-45 manat, üzərlik qabı 20-25 manat, xınayaxdı qabı 20-35 manat arasında dəyişir.
Xına mərasiminə dəvət edilən aparıcıya isə məşhurluğundan asılı olaraq 2500-4000 arası pul ödəmək lazım gəlir.
Biznesə çevrilən xınayaxdılar
Sosioloq Cavid İmamoğlu deyir ki, belə xinayaxdı mərasimləri artıq biznesin tərkib hissəsinə çevrilib: “Son illər bizim cəmiyyətdə adət-ənənələri daha təmtəraqlı qeyd etmək kimi bir dəb yaşanır. Xüsusilə toy, xınayaxdı adət-ənənələri, o cümlədən xınayaxdı mərasimi ən müasir formada təqdim olunur. Müasir xınayaxdı məclisləri qədim mərasimlərdən həm mahiyyəti, həm də formasına görə fərqlənir. Əvvəllər bu, qohum olan ailələr arasında keçirilirdisə, indiki xinayaxdılar xərc tələb edən biznes vasitəsi olub.
Bu, elə bir dəb formatına salınıb ki, xınayaxdı keçirən ailə bu prosesi xüsusi təşkilatçılara tapşırmalı olur. Əks halda məclis sönük və başqalarından fərqli alınacaq. Təbii ki, qızlarının arzusunu heç bir valideyn ürəyində qoymaq istəmir, beləcə dəbdəbəli xınayaxdı məclislərinə şahid oluruq. Ümumiyyətlə götürsək, bizim cəmiyyətdə kiçik məclislər artıq böyük formatda təqdim olunmağa başlayıb".
Cavid İmamoğlunun sözlərinə görə, burda şənlənməkdən çox insanların pul toplaması məqsədi önə çıxır: “Əvvəllər xınayaxdı kimi kiçik xeyir işləri zamanı ailə qonaqlıq verib ən yaxın qohum və dostları bir yerə yığırdısa, hazırda biz toya bənzər məclislərin keçirildiyini görürük. Hətta pul salmaq üçün qutular da qoyulur. Halbuki bu kimi məclislərin məqsədi pul yığmaq yox, sadəcə sevincini paylaşmaq üçün qonaqlıq vermək olmalıdır”.
Bayatı, haxışta, mahnı...
Folklorşünas Afaq Ramazanovanın sözlərinə görə, xınayaxdı mərasimi qədimdən bəri keçirilən adət kimi maraq doğurur: “İndi isə əksər mərasimlərimizi daha təmtəraqlı şəkildə qeyd edirlər. Əslində, toyu olacaq gəlinin və təşrif buyuran qonaqların milli geyimlərdə xınayaxdı icra eləməsi, bayatı və haxışta oxunması milli adət-ənənlərimizin dirçəldilməsi və keçmişə xas əxlaqi keyfiyyətlərin, ab-havanın gənclərə aşılanması baxımından sevindiricidir. Bu, bizim folklorumuzun zənginliyini göstərir. Çünki əyləncəli mərasimdə səslənən bayatılardakı fikirlər maraqlı olur. Misal üçün, mərasimdə qız evi oğlan evinə və ya əksinə bayatılar ünvanlayır.
Əvvəllər xınayaxdı deyiləndə, qonaqlar xınanı əlin içinə və barmaqlarına yaxardılar. Gənc qızlar isə əlinin iç hissəsinə öz istəklisinin baş hərfini yazardılar. İndi mərasimlər daha dəbdəbəli keçirildiyi kimi, gəlinlərin də əli və biləyinə xına ilə çoxlu bəzəklər çəkilir".
Afaq Ramazanova deyir ki, xına mərasimlərinə əlavə pul xərcləmək düzgün deyil: “Bahalı mərasimlər təşkil etmək, bunun üçün əlavə xərc tökmək faydalı sayıla bilməz. Çünki belə mərasimlərdə maddiyyat yox, mənəviyyat məqsəd seçilməlidir. Sevinc, şad əhvali-ruhiyyə yaratmağın yolu heç də çoxlu pul xərcləməkdən keçmir...”
İlhamə Əbülfət