Ötən 9 ay müddətində Bakı məktəblərinə 113 nəfər direktor müavini təyin edilib.
Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Belə ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub. Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.
2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.
Onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.