BAKI, 20 noyabr. TELEQRAF
"Azərbaycanda hər il təxminən 150–200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır".
Teleqraf xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov brifinqdə deyib.
O bildirib ki, bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. "Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək Sümük İliyi Transplantasiyası Mərkəzi həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq", - o əlavə edib.
B.Yusubov qeyd edib ki, bu günə qədər belə bir mərkəzin açılmamasına səbəb həm maliyyənin olmaması, həm də mütəxəssis çatışmazlığı idi.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vurğulayıb ki, sümük iliyi transplantasiyasına buna ehtiyacı olan uşaqlarla başlanılacaq. O bildirib ki, həmçinin uşaqlardan başqa digər ehtiyacı olan vətəndaşlara da sümük iliyi köçürüləcək.
"Ölkədə sümük iliyi transplantasiyası xidmətini verən yalnız Talassemiya Mərkəzi idi. Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstə sayı çox olduğundan müəssisə kifayət etmir. Bunun üçün müəssisə sayının artırılmasına Yeni Klinikadan başlanılıb. Gələcəkdə bu say daha da artırılacaq".