BAKI, 3 sentyabr. TELEQRAF
"Sentyabrın 1- dən qüvvəyə minən və TƏBİB tabeliyindəki 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatını çox yüksək qiymətləndiririk. Bu qərar təkcə sosial rifahımızın yaxşılaşdırılması deyil, həm də dövlətimizin əməyimizə verdiyi böyük dəyərin bariz göstəricisidir".
Bu sözləri Teleqraf-a açıqlamasında Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Rəqsanə Bayramova səhiyyə işçilərinin rifahının yüksəldilməsi istiqamətində atılan tarixi addımı şərh edərkən deyib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında reallaşan maaş artımını kollektiv adından böyük sevinclə qarşıladıqlarını bildirən R.Bayramova fikirlərini bu sözlərlə davam etdirib:
“Əməkhaqlarının artırılmasına, tibb bacılarına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda tibb bacılarının və baş tibb bacılarının fəaliyyətini hər zaman diqqətdə saxladığı, çıxışında bu mövzuya xüsusi yer ayırdığı üçün TƏBİB-in icraçı direktoru Anar Bayramova təşəkkürümüzü çatdırırıq.
Mən özüm 2019-cu ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı kimi fəaliyyət göstərirəm. Bundan əvvəlki illərdə isə xəstəxananın reanimasiya, terapiya və doğum şöbələrində həm tibb bacısı, həm də böyük tibb bacısı vəzifələrində çalışmışam. Uzun illərdir bu sahədə işləyən biri kimi deməliyəm ki, bu islahat hər birimizin əməyinə verilən ən böyük qiymətdir.
TƏBİB-in həyata keçirdiyi islahatlar bizi çox qane edir. Bu sistem sayəsində hər şey real və şəffaf şəkildə təqdim olunur. Əməkhaqqımızın artırılması təkcə maddi sevinclə bitmir, bu, həm də üzərimizə qoyulan böyük bir məsuliyyətdir. Göstərilən bu qayğıya cavab olaraq bundan sonra daha diqqətli və məsuliyyətlə çalışacağıq. Bir tibb bacısı olaraq insanların sağlamlığı keşiyində durmaqla fəxr edirəm və pasiyentlərimizin məmnunluğu bizim üçün həmişə ön plandadır”.
Bakı Baş Səhiyyə Mərkəzinin sahə həkimi Vəfa Həsənova uşaqların sağlamlığının keşiyində durmağın həkimlik peşəsinin ən məsuliyyətli tərəflərindən biri olduğunu qeyd edib:
“Biz 0-18 yaş aralığında olan uşaq populyasiyasına xidmət göstəririk. Bütün uşaqlar bizim övladımız kimidir və hər birinə maksimum diqqətlə, səhvsiz xidmət etməyə çalışırıq. Belə məsuliyyətli bir sahədə əməkhaqqının artırılması biz həkimlər üçün ikiqat motivasiya yaratdı.
Eyni zamanda TƏBİB-in təşkil etdiyi maarifləndirici iclaslar və konfranslar gənc həkimlərin peşəkar inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Səhiyyədə davamlı olaraq yeni müalicə protokolları və idarəetmə sistemləri tətbiq olunur. TƏBİB-in bu sahədəki aktiv fəaliyyəti tərəfimizdən müsbət qiymətləndirilir”.