BAKI, 20 avqust. TELEQRAF

Hindistanlı alimlər xərçəng hüceyrələri daxilində aktivləşən və kimyaterapiyaya alternativ ola biləcək yeni xərçəng əleyhinə dərman hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Elm və Texnologiya Nazirliyi məlumat verib.

Hindistan Elm və Texnologiya üzrə Qabaqcıl Tədqiqatlar İnstitutunun (IAAST) və Quvahatidəki Hindistan Texnologiya İnstitutunun alimləri tərəfindən RK-251 adlı dərman hazırlanıb. Hindistan Elm və Texnologiya Nazirliyi bildirib ki, yalnız xərçəng hüceyrələrinin daxilində işləmək üçün hazırlanmış bu yeni "ağıllı" xərçəng dərmanı, tez-tez sağlam hüceyrələrə zərər verən ənənəvi kimyaterapiyanı əvəz edə bilər.

RK-251 sağlam toxumalarda təsirsiz qalır və əsasən şiş hüceyrələrində aktivləşir. Hindistan Elm və Texnologiya Nazirliyinin vurğuladığı kimi, dərmanın təsir mexanizmi xərçəng hüceyrələrinə xas olan reaktiv oksigen növlərinin yüksək səviyyələrinə əsaslanır.

Nazirlik vurğulayıb ki, tədqiqatlar RK-251-dən heç bir aşkar toksiklik əlaməti aşkar etməyib və bu, onun təhlükəsizliyi və effektivliyinin daha da öyrənilməsi potensialını göstərir. Bununla belə, Hindistan nazirliyi qeyd edib ki, inkişaf hələ klinikayaqədərki mərhələdədir və onun insanlar üçün istifadəsinin mümkünlüyünü qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.