BAKI, 15 may. TELEQRAF
Plastik cərrahlar qalmaqalı alovlananda məlum olmuşdu ki, ölkədə plastik cərrahiyyə üzrə klinik protokollar mövcud deyil.
Plastik cərrahların təftiş komissiyasının işi başa çatdı, Səhiyyə Nazirliyi bu fəaliyyətlə məşğul ola biləcək plastik cərrahların siyahısını yaydı və indi maraqlı bir sual var: plastik cərrahların ardınca stomatoloqlar üçün də təftiş komissiyasının yaradılması gözlənilirmi?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli mövzu ilə bağlı Teleqraf-ın sualına cavab olaraq bildirdi ki, bu sahədə ciddi nəzarət və yoxlamalara ehtiyac var.
“Stomatologiya sahəsində dövlət sektorundan çox özəl fəaliyyət geniş inkişaf edib. Özəl sektorda stomatologiya ilə məşğul olan savadlı, bacarıqlı həkimlərlə yanaşı, bu sahədə gəlir çox olduğu üçün müxtəlif işbazların da fəaliyyətinə rast gəlinir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) birbaşa səlahiyyət sahibidir, lakin yoxlamaların vahid reyestrdə qeydiyyat məsələsi olduğuna görə, bu yoxlamalar müxtəlif prosedurlardan sonra aparılır. Ona görə də düşünürəm ki, bu sahədə daha aktiv yoxlamalar olmalıdır. Qanunun verdiyi səlahiyyətlər kifayət qədərdir, AEM bu yoxlama və monitorinqləri sistemləşdirib, bütün ölkə üzrə stomatoloji kabinetləri ciddi şəkildə monitorinq etməlidir. Lisenziya fəaliyyətinə uyğun hansı növ xidmətlərlə məşğuldur, işçilərin əmək müqaviləsi varmı, hansı istiqamətdə fəaliyyət göstərirlər – bunların hamısı araşdırılmalıdır. Bu iş ciddi nəzarətə götürülməlidir. Lisenziya ilə fəaliyyət göstərən ixtisaslı, savadlı həkimlərlə yanaşı, digərlərinin də bu fəaliyyətlə məşğul olması əhalinin sağlamlığı üçün ciddi risk yaradır”.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə Teleqraf-a bildirildi ki, yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. “Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur. Aidiyyəti üzrə məsələdə lisenziya tələblərinə dair qaydalarda ciddi dəyişikliklər olmayıb. Belə ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər (hüquqi və fiziki şəxslər) dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra etməsi mümkün deyil. Əks halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər.
Xüsusilə vurğulamaq istərdik ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ nömrəli Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Prezidentinin fərmanına müvafiq olaraq nəzarət tədbirlərinin həyata keçirilməsində müəyyən məhdudiyyətlərin olması sahibkarlıq subyektlərinin məsuliyyətdən yayınma hallarına rast gəlinməsi faktları olsa da, qanunun tətbiqi zamanı müvafiq bəndində “İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda xidməti yoxlamaların keçirilməsi, uyğun olaraq da nəzarət tədbirlərinin həyata keçirilməsi sahibkar subyektlərinin məsuliyyətinin daha da artması və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əsasdır”.
Hazırda stomatologiya sahəsində klinik protokollar yoxdur
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin saytında protokolların siyahısında stomotologiya sahəsi üzrə klinik protokol yoxdur. Yəni plastik cərrahlar kimi stomatoloqlar da klinik protokol olmadan fəaliyyət göstərirlər.

Klinik protokol nədir?
Klinik protokol - müntəzəm yenilənən, hər hansı bir xəstəlik, sindrom, klinik situasiya zamanı tibbi xidmət üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət sənəddir.
Protokollar ən azı beş ildən bir yenilənməlidir, hətta bəzi protokollar üç ildən bir yenilənir.
Klinik protokolların tərtib olunması Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir.
Səhiyyə Nazirliyinin 2021-ci il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Klinik protokolların yenilənməsi" protokolların yenilənməsi və yeni protokolların tərtibi həyata keçirilir.
Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
Klinik protokolların tətbiqi 2008-ci ildən İSİM-ə həvalə edilib.
2008-ci ildən 2015-ci ilə qədər İSİM tərəfindən 91 klinik protokol tərtib edilib. Bunlardan 66-sı yenilənib, 5 yeni klinik protokol tərtib olunub.
Klinik protokollar bir qayda olaraq Səhiyyə Nazirliyinin Elmi-tibbi Şurası tərəfindən təsdiq olunur. İSİM təsdiqlənmiş protokolları çap edir və tibb müəssisələrinə təqdim olunur. Eləcə də, protokolların elektron versiyası İSİM-in saytına yerləşdirilir.

Stomatologiya sahəsində klinik protokollar nə vaxt hazırlanacaq?
Bu suala Səhiyyə Nazirliyindən belə cavab verildi: “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, stomatologiya sahəsində klinik protokolların cari il ərzində hazırlanması nəzərdə tutulub”.
5 illik stomatologiya üzrə bakalavr təhsili almaq vacibdir
Stomatoloq Cavid Qasımov deyir ki, Azərbaycanda stomatoloq olmaq üçün 5 illik stomatologiya üzrə bakalavr təhsili almaq vacibdir.
“Azərbaycanda stomatoloqların icazəli olduğu cərrahi prosedurlar onların ixtisasına görə dəyişir: Ümumi stomatoloq sadə diş çıxarılması, süd dişlərinin çəkilməsi, ağız boşluğu abseslərinin açılması, kiçik yumşaq toxuma biopsiyaları, sadə alveoloplastika icra edə bilərlər.
Cərrah stomatoloq və üz-çənə cərrahı isə çətin diş çəkilişi (impakt dişlər), kista və şişlərin çıxarılması, diş implantasiyası, ortoqnatik əməliyyatlar, çənə sınıqlarının bərpası, sialolitiaz (tüpürcək vəzinin daşı) əməliyyatları və s. ilə məşğul ola bilər”.
O bildirdi ki, cərrah stomatoloq kimi fəaliyyət göstərmək üçün rezidentura və ya əlavə ixtisas keçmək mütləqdir.

Bəs stomatologiya üzrə rezidentura təhsili necə təşkil edilir?
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya kafedrasından sualımıza cavab olaraq bildirildi ki, stomatologiya fakültəsini bitirdikdən sonra rezidentura təhsili almaq mümkündür.
Ötən il ATU-nun Stomatologiya fakültəsindən 217 stomatoloq məzun olub.
“Rezidenturada Ortopedik stomatologiya, Ağız və üz çənə cərrahlığı, Parodontologiya, Restorativ stomatologiya, Ortodontiya, Endodontiya, Uşaq stomatologiyası ixtisasları üzrə təhsil almaq mümkündür".
Stomatoloq Cavid Qasımov bildirdi ki, rezidentura pilləsində Terapevtik stomatologiya –ixtisasına 3 il, Ortodontiyaya 3 il, Cərrahi stomatologiyaya 3 il, Üz-çənə cərrahiyyəsinə 4-5 il, Uşaq stomatologiyasına isə 3 il ayrılır.
"Rezidenturaya qəbul TƏBİB və ya Əziz Əliyev adına həkimlərin təkmilləşdirmə institutu vasitəsilə həyata keçirilir".
Stomatoloqlar plastik əməliyyat icra edə bilərmi?
Bu suala da həkim Cavid Qasımov cavab verdi. Onun sözlərinə görə, stomatoloq yalnız üz-çənə estetikası ilə məhdud plastik əməliyyatlar apara bilər:
“Məsələn: Lip lifti (üst dodaq qaldırılması), Bukkal yağ yastığı çıxarılması, Mentoplastika (çənə formalaşdırılması), Yüngül blefaroplastika (göz qapağı əməliyyatı) – yalnız əlavə sertifikatla.
Həkim qeyd edir ki, stomatoloqların plastik-estetik əməliyyat etməsi üçün üz-çənə cərrahiyyəsi üzrə ixtisas və müvafiq təlim şərtdir.

Stomatoloqlar sertifikasiya imtahanından neçə ildən bir keçirlər, imtahandan keçə bilməyəndə işdən azad edilirlərmi?
Həkim Cavid Qasımov bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən həkimlər 5 ildən bir sertifikasiya imtahanı verməlidirlər.
“İmtahandan keçməyən şəxs yenidən hazırlaşaraq təkrar imtahan verməlidir. Əgər imtahanda iki dəfə və daha çox uğursuz olarsa, fəaliyyət icazəsi dayandırıla bilər. Sertifikasiyadan keçməyən həkimin qeyri-rəsmi praktika hallarında isə cəza tədbirləri tətbiq edilir”.
Sertifikasiyadan keçmədiyi halda stomatoloq kimi fəaliyyət göstərənləri hansı cəza gözləyir?
Hüquqşünas-vəkil Aqil Hüseynli deyir ki, sertifikasiyadan keçməmiş fiziki şəxslərin klinikada tibb fəaliyyət ilə məşğul olmasına görə hüquqi şəxslər 6-8 min, vəzifəli şəxslər isə 800-1000 manat məbləğində cərimələnir.
Tibb eksperti Aydın Əliyev də qeyd edir ki, ixtisası olmayan şəxslərin bu işlərlə məşğul olmasının qarşısı alınmalıdır.
“Təəssüf ki, səhiyyə sahəsində bu cür hallar hələ də hökm sürür. Plastik cərrahiyyə kimi bu sahədə də ciddi nəzarət və yoxlama aparılmalıdır”.
Müşfiq Məmmədli də qeyd edir ki, lisenziyasız, “pilləkənaltı” fəaliyyət növləri müşahidə edilir: “Bu cür yerlərdə yoxlama, araşdırılma aparılanda lisenziyadan kənar fəaliyyət göstərdikləri, orada stomatoloq kimi fəaliyyət göstərənlərin isə texniki işçi olduğu ortaya çıxır. Bu sahədə ciddi yoxlamalar və nəzarət tədbirlərinə ehtiyac var”.
Diş texniklərinin müalicə aparmaları qəti qadağandır
Diş texniklərinin də “kabinet” açıb həkim kimi fəaliyyət göstərdiklərini nəzərə alaraq, bu sahədə də bəzi suallara cavab tapmağa çalışdıq.
Diş texniklərinin stomatoloq kimi fəaliyyət göstərməsi hansı problemlərə yol aça bilər?
Həkim Cavid Qasımov bildirdi ki, diş texniklərinin xəstə qəbul etməsi qeyri-qanunidir:
“Diş texniklərinin xəstə qəbul etməsi yanlış diaqnoz və müalicəyə səbəb olur, infeksiya riski artır, anatomik strukturun zədələnməsi baş verə bilir. Diş texnikləri yalnız laboratoriya işləri ilə məşğul ola bilər, müalicə aparmaları qəti qadağandır”.
Diş texnikləri üçün tibb kollecini bitirmək mütləq şərtdir
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecindən sualımıza cavab olaraq bildirildi ki, “Diş texniki” kimi fəaliyyət göstərmək üçün tibb kollecini bitirmək mütləq şərtdir.
“Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Diş texniki” ixtisası üzrə 2024-cü ildə 65 tələbə məzun olub”.
Bəs stomatoloji klinikalar, “kabinetlər” üçün lisenziya tələbi varmı?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən sualımıza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “stomatoloji” iş üzrə tibbi xidmətin göstərilməsi sanitariya-gigiyena tələblərinə riayət olunmaqla tibbin bir sahəsi olaraq, tibbi praktiki fəaliyyət zamanı diş problemləri, onların müayinə, müalicə, korreksiya və profilaktikasına yönəlmiş, ağız boşluğundakı dişlərə müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları (bir sıra əməliyyatları) nəzərdə tutur.
“Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”.

İqtisadiyyat Nazirliyindən də mövzu ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, özəl tibb fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət sahəsinə aiddir.
“Stomatologiya sahəsində fəaliyyət göstərmək üçün mütləq lisenziya tələb olunur”.
Bəs lisenziyasız fəaliyyətlə bağlı hansı hüquqi tədbirlər var?
Vəkil Aqil Hüseynli qeyd edir ki, lisenziyasız fəaliyyətə görə klinikalar hüquqi şəxs formasında təşkil edilibsə, 20-30 min AZN, klinikanın vəzifəli şəxsləri 5-10 min AZN, klinika fərdi sahibkar tərəfindən idarə edildikdə isə 2-3 min manat məbləğində cərimə edilə bilər".
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev də deyir ki, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə məsuliyyət yaradır:
"Bu əmələ yol vermiş fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə də 210.2-ci maddəyə əsasən dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Bundan başqa, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması da İXM-nin 215-ci maddəsi ilə məsuliyyət yaradır.
Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Əgər qanunsuz tibbi xidmət nəticəsində vətəndaşların sağlamlığına zərər dəyərsə, yaxud vəfat edərsə, bu halda müvafiq olaraq cinayət məsuliyyəti də yaranır".

Hər bir stomatoloji kabinetdə avtoklav olmalıdır
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edir ki, stomatologiyada tibbi prosedurlara riayət edilməməsi Hepatit B, Hepatit C, Hepatit D və digər hepatit növlərinə, eyni zamanda ölkənin bəlası hesab edilən QİÇS-ə yoluxmaya səbəb ola bilər.
Həkim Cavid Qasımov da bildirdi ki, alətlərin düzgün sterilizasiya olunmaması, birdəfəlik materialların (iynə, şpris və s.) təkrar istifadəsi, əlcək və maska rejiminə əməl olunmaması təhlükəli infeksiyalara yoluxma riski yarada bilər.
“Xüsusilə avtoklav olmayan kabinetlərdə bu təhlükə realdır. Hepatit B-yə qarşı peyvənd stomatoloq və işçilər üçün mütləqdir. Nazirlər Kabinetinin sanitariya qaydalarına əsasən hər bir stomatoloji kabinetdə avtoklav olmalıdır. Bu, məcburi standartdır”.
Stomatoloq və stomatoloji klinikalarla bağlı AEM-ə şikayətlər daxil olubmu və hansı tədbirlər görülüb?
AEM-dan bildirildi ki, 2025-ci ilin ilk dörd ayı ərzində Agentlik tərəfindən 24 stomatoloji tibb müəssisəsində planlı, 11 müəssisədə isə plandankənar yoxlamalar aparılıb.
"Yoxlamalar nəticəsində 13 müəssisədə müxtəlif nöqsanlar aşkar olunub. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin: 210.1-ci maddəsi üzrə 6 protokol, 215.4-cü maddəsi üzrə 3 protokol, 215.1-ci maddəsi üzrə isə 5 protokol tərtib edilib.
Tərtib olunmuş protokollar icraat üçün aidiyyəti üzrə müvafiq orqanlara göndərilib.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında rastlaşdıqları hər hansı problem barədə AEM-ə müraciət edə bilərlər. Müraciət üçün “bir pəncərə” sistemi, “qaynar xətt” (012 596 05 20), [email protected] elektron poçt ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi istifadə oluna bilər. Belə hallarda araşdırma aparılır və zərurət olduqda plandankənar yoxlama barədə qərar qəbul edilir".
Stomatologiya sahəsindəki çatışmazlıqları, real təhlükələri, problemləri araşdırmağa çalışdıq. Mənzərə isə təxmini belədir: Klinik protokolsuz səhiyyə, avtoklavsız kabinetlər, lisenziyasız klinikalar, istisassız “həkimlər”. Ümid edirik, bu sahədəki problemlərin həlli istiqamətində yaxın gələcəkdə hansısa addımlar atılacaq....