BAKI, 23 yanvar. TELEQRAF
Azərbaycanda onkoloji yardım özəl tibb müəssisələrində də həyata keçiriləcək. Bununla bağlı “Onkoloji yardım haqqında” qanuna dəyişiklik təklif olunur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, burada Səhiyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Onun sözlərinə görə, onkoloji xəstələrin müalicəsi spesifikdir və onların müayinə, əməliyyatı üçün elə özəl klinikalar var ki, bütün avadanlıqları mövcuddur.
Maraqlıdır, bu model nə zaman və necə tətbiq ediləcək? Ölkəmizdə kifayət qədər uyğun özəl klinika varmı?
Mövzu ilə bağlı Teleqraf-a danışan Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib ki, hazırda layihə Milli Məclisin müvafiq komitələrində müzakirə mərhələsindədir.
Deputatın sözlərinə görə, qanun hər üç oxunuşdan keçərək təsdiqlənə və dərcindən sonra qüvvəyə minə bilər:
"Bu tip tənzimləmələr adətən mərhələli şəkildə tətbiq edilir. Yəni hüquqi qüvvəyə minmə ilə faktiki tətbiq arasında texniki hazırlıq dövrü olur.
Burada əsas yenilik onkoloji xidmətlərin yalnız dövlət müəssisələri ilə məhdudlaşmaması və müvafiq lisenziya və akkreditasiya tələblərinə cavab verən özəl tibb müəssisələrində də göstərilə bilməsidir. Model olaraq bu həm tam dövlət təminatı, həm qarışıq (dövlət + pasiyent), həm də tam özəl əsaslarla tətbiq oluna bilər".
.jpg)
R.Mahmudov bu məsələnin ən həssas tərəfinin keyfiyyət və təhlükəsizlik olduğunu deyib:
"Onkoloji xidmət adi ambulator tibbi xidmət deyil, çox mürəkkəb multidissiplinar sahədir. Buna görə də tətbiq mərhələsində lisenziya ilə yanaşı, ayrıca akkreditasiya, kadr tərkibi, texniki baza, laboratoriya və radioterapiya imkanları kimi tələblər müəyyən olunmalıdır".
Bu sahədə fəaliyyət göstərə biləcək özəl tibb müəssisələri, peşəkar kadr resursu var
Onun sözlərinə görə, ölkəmizdə artıq bu sahədə fəaliyyət göstərə biləcək özəl tibb müəssisələri var:
"Xüsusən də onkologiya cərrahiyyəsi və kimyaterapiya istiqamətində kifayət qədər peşəkar kadr resursu formalaşıb. Radioterapiya və nüvə tibbi kimi sahələr isə həm dövlət, həm də özəl sektorun iştirakı ilə inkişaf etdirilir.
Hesab edirəm ki, düzgün tənzimləmə ilə bu addım həm pasiyentlər üçün seçim imkanını genişləndirəcək, həm də xaricə tibbi axının qarşısını qismən alacaq və xidmət keyfiyyətini yüksəldəcək".

Xəstələr daha tez sağalar
Tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov deyib ki, onkoloji xəstəliklər dünyada, eləcə də ölkəmizdə sürətlə artır və cavanlaşır.
"Aparılan elmi araşdırmaların nəticəsinə görə, onkoloji xəstəliklərin bu qədər artmasının əsas səbəbi 40-50% qidalanma faktorudur. Alkoqol, siqaret və tütün məmulatlarının geniş istifadəsi, artıq çəkinin olması da əsas amillərdəndir.
Xəstələrin sayı sürətlə artdığına görə dövlət xəstəxanalarında bunu qarşılamaq və yerləşdirmək vaxt aparır. Bu xəstəlik isə nə qədər tez aşkarlanarsa və müdaxilə olunarsa, həm xəstənin sağlamlığı, həm də maddi cəhətdən xeyirdir", - o bildirib.
Onun sözlərinə görə, onkoloji xəstəliklər digər xəstəliklərdən fərqli olaraq sadəcə cərrahi əməliyyatla bitmir:
"Cərrahi əməliyyatdan sonra növbəti etapda şüa müalicəsi, ağıllı dərmanlarla müalicə başlayır. Bəzi onkoloji xəstəliklərdə xəstələrə əlillik dərəcəsi də verilir və onlara xüsusi xidmət edən insanlar lazım olur. Buna görə də bu qanunun qüvvəyə minməsi çox yaxşı olar, həm həkimlər üçün məsuliyyət azalar, həm də pasiyentlər daha tez sağalar".