BAKI, 9 dekabr. TELEQRAF

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə "mpox" (meymunçiçəyi) virusunun yeni ştammının aşkarlandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilir ki, infeksiya Asiyadan qayıdan bir şəxsdə müəyyən edilib.

UKHSA-nın məlumatına əsasən, genom testləri yeni ştammın "mpox" virusunun iki fərqli alt tipinin elementlərini daşıdığını göstərib. Bu, müxtəlif virus xətlərinin genetik materialını birləşdirən rekombinant forma hesab olunur.

Agentliyin nümayəndəsi doktor Keti Sinka bildirib ki, virusların təkamülü təbii prosesdir və aparılan araşdırmalar yeni variantın gələcəkdə necə dəyişə biləcəyini anlamağa kömək edəcək.

UKHSA vurğulayıb ki, "mpox" adətən yüngül formada keçir, lakin bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər peyvəndin hələ də ağır xəstəlik riskini azaltmaq üçün effektiv müdafiə vasitəsi olduğunu bildirirlər.

Mpox virusunun simptomlarına qızdırma, baş, əzələ və bel ağrıları, həmçinin dəridə qabarcıqlı səpgilər, ləkələr və ya xoralı yara izləri daxildir. Adətən səpgilər xəstəliyin ilk günlərindən sonra ortaya çıxır.

Virus əsasən, zədələnmiş dəri ilə birbaşa təmas yolu ilə yayılır. Həmçinin yaxın fiziki təmas zamanı yoluxma mümkündür. Geyim və yataq dəsti kimi əşyalar vasitəsilə də infeksiya keçə bilər.

Mütəxəssislər peyvəndlənmə, şəxsi gigiyena qaydalarına riayət və yaxın fiziki təmasın məhdudlaşdırılmasının "mpox"un yayılmasının qarşısının alınmasında əsas rol oynadığını vurğulayırlar.