BAKI, 1 aprel. TELEQRAF
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahanda iştirak etmək istəyənlər 1 aprel saat 15:00-dan 9 aprel saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı aprelin 19-da DİM-in elektron imtahanlar korpusunda saat 16:00-da başlanacaq.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahanda iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.