BAKI, 14 aprel. TELEQRAF
Nərimanovda “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində ciddi pozuntular aşkarlanıb, fəaliyyətinin dayandırılması ilə bağlı hüquq mühafizə orqanlarına təqdimat verilib.
Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Əliyar Əliyev 41 ünvanda yerləşən müəssisədə 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib.
Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə növbəti icraata göndərilib.
Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə təqdimat təqdim edilib.
Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb.