BAKI, 12 dekabr. TELEQRAF
Azərbaycanda xəstəxanalarda növbə sıxlığı probleminin aradan qaldırılması üçün yeni rəqəmsal sistem hazırlanır.
Teleqraf xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə yalnız proqnozlaşdırılan risklər nəzərə alınsa da, sonradan vətəndaşların xəstəxanaya yaxınlaşmadan evdən növbə alıb birbaşa həkim qəbuluna gəlmək tələbi daha da aktuallaşıb:
"Bu isə əvvəlcədən nəzərdə tutulmamış əlavə texniki həllərin hazırlanmasını zəruri edib. Artıq yeni texniki tapşırıq verilib və rəqəmsal tibbi həllər sistemi uyğunlaşdırıb. Böyük ehtimalla yanvarın sonuna qədər xəstələr evdən onlayn növbə götürərək, təsdiqlənmiş saatda birbaşa həkimin kabinetinə daxil ola biləcəklər. Bununla da qeydiyyat masasına yaxınlaşma ehtiyacı aradan qalxacaq və xəstəxanalardakı sıxlıq problemi əhəmiyyətli dərəcədə azalacaq".
Direktor bildirib ki, bu məsələnin bir çox detallarına TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi aydınlıq gətirə bilər.
Onun sözlərinə görə, yaxın 7–10 gün ərzində ölkə səhiyyəsində əlavə yeniliklərin ictimaiyyətə təqdim olunması gözlənilir.
Bundan başqa, o, cərrahiyə sahəsində yeni xidmətlərin istifadəyə veriləcəyini də açıqlayıb. Belə ki, təxminən 10 gün ərzində Azərbaycanda yeni klinikada robotik ümumi cərrahiyyə, robotik uroloji əməliyyatlar, robotik ginekoloji əməliyyatlar üzrə xidmətlərin tam fəaliyyətə başlaması planlaşdırılır.