BAKI, 9 aprel. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramlarından biri də özünüməşğulluq proqramıdır.

Qeyd edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 800-dək sakinə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.

Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.