BAKI, 8 aprel. TELEQRAF

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə Mentorluq Proqramını uğurla başa çatdıran dördüncü “Yüksəliş” müsabiqəsi qalibləri Nicat Qocayev, Eyyub Fətəliyev və növbəti 1 il ərzində Mentorluq Proqramına cəlb ediləcək beşinci “Yüksəliş” müsabiqəsi qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüşüb.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Nazir “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsində, Kadr Bankının yaradılmasında mühüm rolunu vurğulayıb. O, müsabiqə qaliblərinin bilik və təcrübə imkanlarını artırmaları üçün Nazirlikdə zəruri şərait yaradıldığını, Mentorluq Proqramı çərçivəsində aparılmış işləri diqqətə çatdırıb.

Nicat Qocayev, Eyyub Fətəliyev onların bilik və təcrübələrinin artırılması üçün Nazirlik tərəfindən yaradılan şəraitdən, potensiallarının inkişaf etdirilməsinə göstərilən dəstəkdən razılıqlarını bildiriblər. Müsabiqə qaliblərinin Mentorluq Proqramı üzrə fəaliyyət planlarının icrasında əldə etdikləri nailiyyətlərdən, gələcək hədəflərindən bəhs olunub.

Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsi qaliblərinin də bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün Mentorluq Proqramı üzrə müvafiq işlərin davam etdiriləcəyini qeyd edib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mentorluq proqramını uğurla başa vuran qaliblərə nazir tərəfindən tövsiyə məktubu təqdim edilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.