BAKI, 5 mart. TELEQRAF

Əmək qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf-a bildirilib ki, əmək müqaviləsi olmadan çalışan şəxslərin əmək və gələcək sosial təminat hüquqları yaranmır. İşçi yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq hüququna malik olur.

Eyni zamanda, iş vaxtından artıq işlədikdə və ya gecə saatlarında işə cəlb edildikdə əlavə əməkhaqqı, sağlam və təhlükəsiz əmək şəraiti, məzuniyyət hüququ, eləcə də sosial sığorta sistemində iştirak və gələcəkdə pensiya hüququnun əldə olunması yalnız əmək müqaviləsi əsasında mümkündür.

Qeyd olunub ki, işçi əmək fəaliyyəti zamanı əmək şəraiti, funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər.

Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.