BAKI, 19 oktyabr. TELEQRAF
"Fransanın ayrı-ayrı şəhərlərində baş verən etirazlar, polis zorakılığı və insan hüquqlarının pozulması ölkədəki sosial-siyasi vəziyyəti yenidən gündəmə gətirir. Bu hadisələr Makron hakimiyyətinin apardığı yarıtmaz siyasətin nəticələri barədə ciddi suallar doğurur.
Etiraz aksiyaları ilkin mərhələdə məktəblərdəki yararsız şərait və təhsil sistemindəki problemlərlə bağlı narazılıqlar fonunda başlasa da, sonradan sosial vəziyyətin pisləşməsi, inflyasiya, əməkhaqlarının alıcılıq qabiliyyətinin azalması və həyat xərclərinin artması ilə bağlı narazılıqlar da ön plana çıxıb. Beləliklə, ayrı-ayrı problemlər ətrafında başlayan etirazlar daha geniş sosial narazılığın ifadəsinə çevrilib".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, fransızlar küçələrdə öz tələblərini səsləndirdiyi, polis müdaxilələri və mümkün hüquq pozuntuları ilə bağlı müzakirələr artdığı bir vaxtda, Makronun şəxsi istirahətindən qalmaması ilə bağlı görüntülər hakimiyyətin cəmiyyətdəki problemlərə münasibəti barədə suallar yaradır:
"Xalqın sosial qayğıları ilə siyasi rəhbərliyin davranışları arasındakı bu ziddiyyət Makron hakimiyyətinin üzləşdiyi əsas siyasi problemlərdən biridir.
Şəhərlərdə baş verən yanğınlar, mağazaların qarət edilməsi və ictimai asayişin pozulması Fransada yaranmış gərginliyin miqyasını göstərir. Lakin bu mənzərəni yalnız küçə iğtişaşları ilə izah etmək olmaz. Sosial narazılığın dərinləşməsi, vətəndaşların həyat səviyyəsi ilə bağlı qayğıları və hakimiyyətə etimadın zəifləməsi də baş verənlərin təhlilində nəzərə alınmalıdır.
İllərdir başqa ölkələrə insan hüquqları, demokratiya və beynəlxalq hüquq haqqında dərs keçməyə çalışan Fransa rəhbərliyinin öz ölkəsindəki problemlərə necə yanaşdığı da diqqət mərkəzindədir. Əgər Paris insan hüquqlarının və demokratik azadlıqların müdafiəsini xarici siyasətinin əsas prinsiplərindən biri kimi təqdim edirsə, həmin prinsiplərə ölkə daxilində də eyni həssaslıqla əməl olunmalıdır. Dinc etirazçıların hüquqları qorunmalı, polis zorakılığı ilə bağlı iddialar obyektiv araşdırılmalı və mümkün qanun pozuntularına görə məsuliyyət təmin edilməlidir.
Fransanın xarici siyasətə, hərbi yardımlara və beynəlxalq münaqişələrə ayırdığı böyük maliyyə resursları fonunda ölkə daxilində sosial problemlərin həlli məsələsi də ciddi müzakirə mövzusudur. Vətəndaşlar artan yaşayış xərcləri, əməkhaqlarının alıcılıq qabiliyyəti və sosial təminatla bağlı çətinliklərlə üzləşərkən, hökumətin prioritetləri barədə sualların səslənməsi tamamilə təbiidir. Makronun beynəlxalq ambisiyaları öz vətəndaşlarının rifahı hesabına həyata keçirilməməlidir".

Deputat hesab edir ki, Makronun prezidentlik dövrü Fransada dərin sosial narazılıqlar, siyasi qarşıdurmalar və hökumətin qərarlarına qarşı kütləvi etirazlarla yadda qalıb:
"Bu vəziyyət onun rəhbərliyinin ölkənin daxili problemlərini həll etmək qabiliyyətinin ciddi şəkildə sorğulanmasına səbəb olur. Prezidentin siyasəti cəmiyyətin geniş təbəqələrinin gözləntilərini qarşılamırsa, hakimiyyət bu narazılıqların səbəblərinə görə siyasi məsuliyyət daşımalıdır.
Makronun prezidentlik müddətinin başa çatmasına yaxınlaşdığı bir dövrdə onun siyasi irsi də daha çox müzakirə olunur. Onun hakimiyyəti dövründə Fransanın sosial rifah, ictimai həmrəylik və siyasi sabitlik sahələrində hansı nəticələr əldə etdiyi barədə sərt suallar vermək üçün kifayət qədər əsas var. Tənqidçilərin fikrincə, ölkənin bir sıra sahələrdə üzləşdiyi problemlər Fransanın inkişafını bir 30 il ləngidib və onun əvvəlki mövqelərini zəiflədib.
Makron hakimiyyətinin əsas sınağı yalnız küçələrdə asayişi bərpa etmək deyil, bu narazılıqları doğuran səbəbləri aradan qaldırmaqdır. Polis zorakılığı ilə bağlı iddialar araşdırılmalı, insan hüquqları qorunmalı, sosial problemlərə real həll yolları tapılmalıdır. Əks halda, Fransa rəhbərliyinin başqa ölkələrə demokratiya və insan hüquqları dərsi keçməsi öz ölkəsindəki problemlər fonunda daha çox sual doğuracaq.
Makronun siyasi fəaliyyətinə veriləcək qiymət onun bəyanatları ilə deyil, fransız vətəndaşlarının həyatında yaratdığı real dəyişikliklərlə ölçüləcək".