BAKI, 17 oktyabr. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya və demarkasiya prosesi çərçivəsində anklav ərazilərin mübadiləsi ilə bağlı təkliflər səsləndirib. Sizcə, bu hansı mexanizmlə həllini tapa bilər?
- Azərbaycanla Ermənistan arasında həll olunası əsas üç məsələ var. İlk növbədə sülh sazişinin imzalanması məsələsi həll olunmalıdır. Bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik edilib, oradan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlı referendum keçirilməlidir. Digər bir məsələ, Zəngəzur dəhlizi-TRIIP layihəsinin Ermənistan tərəfindən icrası ilə bağlıdır ki, bunun da inşası hələ ki başlamayıb. Eyni zamanda sərhədlərin müəyyənləşməsi prosesi çərçivəsində hər iki tərəfdən anklavların və eksklavların məsələsi də öz həllini tapmalıdır. Azərbaycanın hələ də 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş 4 kəndi geri qaytarılmayıb. Bunlar Ermənistan ərazisində olan Azərbaycana aid anklav kəndlərdir. Bu məsələ sözsüz ki, həll olunmalıdır. Əgər, Paşinyan bu kəndlərin Azərbaycana qaytarılmasının əvəzinə Ermənistan sərhədindən hansısa əraziləri verilməsini nəzərdə tutursa, bu müzakirə edilə bilər. Amma burada ərazi mübadiləsi ərazi prinsipinə yəni, kəndlərin ərazilərinə uyğun torpaqlar verilə bilər ki, bu qaneedici olsun. Çünki bu gün Azərbaycanın anklav kəndləri geri qaytarılsa belə, orada vətəndaşlarımızın qayıdıb yaşamasında çətinliklər olacaq. Bu kəndlər bütövlükdə Ermənistanın əhatəsində olduqları üçün orada təhlükəsizlik məsələsi hər zaman aktualdır. Ona görə biz də bu məsələnin həllində maraqlıyıq.

- Məsələnin qısa zamanda həlli ilə bağlı ehtimallar nədən ibarətdir?
- Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki ölkənin hökumət komissiyası var. Onlar danışıqlar aparır. Ona görə də Paşinyanın bu təklifinə də baxıla bilər. Əslində isə Paşinyan verdiyi təkliflərin reallaşması istiqamətində heç bir addım atılmır. O sülhdən danışır, daha sonra isə məsələnin 2031-ci ilə qədər həll oluna biləcəyini gündəmə gətirir.
- Sizcə, niyə məhz 2031-ci ilə qədər sülhün əldə ediləcəyi mesajı verilir?
- Əslində, Ermənistan tərəfi referendum keçirib konstitusiyasında müvafiq dəyişiklər edib, Azərbaycanla sülh sazişini imzalaya bilər. Bunu daha 4 il uzatmağın da mənası yoxdur. Təbii ki, yekun sülh sazişinin imzalanması Azərbaycanı elə də narahat etmir. Bakı öz məsələsini həll edib. Bu daha çox Paşinyana lazımdır. O isə "sülh" deyir, daha sonra isə 2031-ci ildən danışır, TRIPP layihəsini gündəmə gətirir, Ermənistan üçün faydalarını qeyd edir, amma cəmi 42 km-lik yolun tikintisinə hələ də başlanılmayıb. Dəhlizin tikintisinə gələn ilin əvvəlindən başlayacaqlarını iddia edirlər. Bu vaxt çatanda da ola bilsin ki, başqa bir bəhanə uydursunlar.
.jpg)
- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun TRIPP layihəsi ilə bağlı verdiyi açıqlamanın mahiyyəti nədən ibarətdir? Kreml rəsmisi iddia edir ki, Rusiya bu layihəyə dəvət edilməyib və daha sonra isə ərazidən keçən yolların Moskvanın idarəçiliyində olduğuna dair fikirlər səsləndirir…
- Lavrov nağıl danışır. Sual olunur ki, bu layihənin icrasının Rusiyaya nə dəxli var? Sadəcə olaraq, burada Azərbaycanla Ermənistan arasında dəmir yolu xətti çəkiləcək. Lavrov demək istəyir ki, Ermənistanın daxili dəmir yolu şəbəkəsi Rusiyanın icarəsindədir və s. Ona görə də iddiaları odur ki, onlar da bu layihədə iştirak etməlidir. Amma burada tamam fərqli bir məntiq var. TRIPP layihəsinin inşasının Rusiyaya qəti şəkildə aidiyyəti yoxdur. Gələcəkdə Rusiya da bu yoldan başqa dövlətlər kimi istifadə edə bilər.