BAKI, 17 oktyabr. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Zəngəzurdan keçəcək TRIIP layihəsi ilə bağlı hazırda aparılan əsas danışıqların məğzi nədən ibarətdir? Bu layihənin icrası ilə bağlı hələ də konkret heç bir addımın atılmamasına səbəb nədir?

- Son zamanlar bir-birini təkzib edən proseslər baş verir. Çünki Zəngəzurdan keçəcək TRIPP layihəsinin işə düşməsi Azərbaycan üçün çox vacibdir. Bu Azərbaycanın haqlı tələblərindən biridir. Sözsüz ki, bu layihə ilə bağlı Bakının vaxtında verdiyi doğru qərar da indiki halda daha çox önə çıxır. TRIIP layihəsi ilə bağlı məsələdə Azərbaycan ABŞ ilə Ermənistan arasındakı müqavilədə yer almayıb. Faktiki olaraq, bu layihənin reallaşması iki ölkəyə yəni, ABŞ və Ermənistana həvalə edilib. Ona görə də bu Vaşinqtonla İrəvanın problemidir. Belə olan halda onlar bu layihəni necə reallaşdıracaqlarını müəyyənləşdirməlidirlər. Əsas da odur ki, bu layihə reallaşmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı pozitiv danışsa da, paralel olaraq da 2031-ci ilə qədər bir tarix açıqlanır.

- Bu tarixin açıqlanması özlüyündə hansı məsələləri gündəmə gətirir?

- Paşinyana yaxın ekspertlər də rəylərində bu məsələyə toxundular. Bu, o demək deyil ki, sülh sazişi məhz 2031-ci ildə imzalanacaq. Sadəcə olaraq, 2031-ci il Paşinyanın hakimiyyətdə olacağı bir tarixdir. O növbəti seçkilərə qədər sülh sazişinin imzalanmasından bəhs edir. Sözsüz ki, 2031-ci il tarixinin açıqlanması sülh prosesinə töhfə verən bir yanaşma deyil. Əksinə, paraflanmış sülh müqaviləsinin daha tez imzalanmasını Ermənistan tərəfi daha çox istəməlidir. Çünki sülh müqaviləsinin imzalanmasında maraqlı olan tərəf təkcə Azərbaycan deyil, həm də Ermənistandır. Sülh müqaviləsindən sonra kommunikasiyaların işlək hala gəlməsi, ticarət münasibətlərinin yaranması, Ermənistanın Azərbaycan üzərindən müxtəlif ticarət yollarına çıxış əldə etməsi və sair kimi amillər sülh müqaviləsinə bağlı məsələlərdir.

- Delimitasiya və demarkasiya ilə bağlı məsələlərlə bağlı verilən açıqlamalar, ərazi mübadiləsi şərtinin irəli sürülməsi nədən xəbər verir?

- Sözsüz ki, bu məsələdə prosesin ləng getməsinin Azərbaycan tərəfindən qaynaqlanması ehtimalı yoxdur. Çünki Azərbaycan tərəfinin əlində olan xəritələr, delimitasiya və demarkasiya ilə bağlı olan koordinatlar, təsbit olunub, əvvəlcədən razılaşdırılıb. Təbii ki, bu ağır bir prosesdir. Bəzi hallarda bu məsələnin həlli üçün 10 illər lazım olur. Misal üçün, Azərbaycan-Rusiya ilə sərhədlərinin dəqiqləşdirilməsi 2010-cu illərin ortalarında başa çatdırıldı. Gürcüstanla isə hələ də müxtəlif sualların yarandığı məsələlər mövcuddur. Yəni, bu, o demək deyil, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi məsələsi qısa zamanda həll oluna bilər. Burada əsas amil niyyətin olmasıdır.

- Hansı halda delimitasiya və demarkasiya sülh prosesindən asılı ola bilər?

- Delimitasiya və demarkasiya heç də sülh prosesindən asılı deyil. Sadəcə olaraq, onun tərkib hissəsidir. Bu proses sülh müqaviləsi imzalandıqdan sonra da gedə bilər.