BAKI, 15 oktyabr. TELEQRAF

"Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, eyni zamanda, onilliklər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, işğalçılıq siyasətinə və cəzasızlıq mühitinə qarşı qətiyyətli mübarizənin nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi-siyasi müstəvidə tarixi ədalətin bərpasına nail oldu, beynəlxalq münasibətlər sistemində uzun illər hökm sürən ikili standartları və selektiv yanaşmaları üzə çıxardı".

Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı Teleqraf-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın onilliklər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, xalqımıza qarşı törədilmiş kütləvi qırğınlar, etnik təmizləmə və insanlıq əleyhinə ağır cinayətlər heç zaman unudula və bağışlana bilməz:

"Xocalı soyqırımı, günahsız insanların, qadınların, uşaqların və qocaların amansızcasına qətlə yetirilməsi, yüz minlərlə soydaşımızın doğma yurdlarından zorla qovulması, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi Ermənistanın işğalçılıq siyasətinin nəticələridir. Sözügedən faciələrin arxasında dayanan, onların törədilməsində siyasi və hərbi məsuliyyət daşıyan şəxslər ədalət mühakiməsindən kənarda qalmamalıdır. Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi ən ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ədalətin təmin olunması tarixi zərurət və beynəlxalq hüququn tələbidir. Ermənistanın üç keçmiş prezidentinin hakimiyyəti dövründə Azərbaycana qarşı işğal siyasətinin davam etdirilməsi və törədilmiş ağır cinayətlərin tam hüquqi qiymətini almaması ciddi suallar doğurur".

Deputat bildirib ki, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və mülki əhaliyə qarşı törədilmiş zorakılıqlar siyasi mənsubiyyətindən və tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün hüquqi məsuliyyət yaratmalıdır: "Təəssüf doğuran məqamlardan biri də Ermənistanın 2018-ci ildən sonra hakimiyyətə gəlmiş siyasi rəhbərliyinin əvvəlki dövrlərdən miras qalmış işğal siyasətindən dərhal və birmənalı şəkildə imtina etməməsidir.

Münaqişənin sülh yolu ilə həlli üçün mövcud imkanların vaxtında dəyərləndirilməməsi, ziddiyyətli siyasi bəyanatlar və destruktiv addımlar regionda gərginliyin davam etməsinə səbəb olmuşdur. Ermənistanın siyasi rəhbərliyinin dəyişməsi uzun illər formalaşmış işğal siyasətinin nəticələrini aradan qaldırmadı. Xüsusilə Avropa Şurası və Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bir sıra qərar və qətnamələrdə müşahidə olunan selektiv yanaşmalar həmin institutların obyektivlik və siyasi qərəzsizlik prinsiplərindən uzaqlaşdığını, beynəlxalq hüquqa münasibətdə ikili standartlara yol verdiyini aydın şəkildə nümayiş etdirir".

G.Ağamalı qeyd edib ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə eyni meyarlarla tətbiq edilməlidir: "Əks halda, insan hüquqları və demokratik dəyərlər adı altında siyasi təzyiq vasitələrinin formalaşdırılması beynəlxalq institutlara olan etimadı zəiflədir.

Müasir beynəlxalq münasibətlər sistemində köhnəlmiş siyasi təfəkkürün, ikili standartların və ayrı-seçkilik yanaşmalarının qorunub saxlanılması anaxronizm və siyasi atavizmin təzahürüdür. Avropa institutlarının fəaliyyətində müşahidə olunan ikili standartlar, siyasi qərəz və selektiv yanaşmalar bəyan etdikləri fundamental dəyərlərlə ziddiyyət təşkil edir, obyektivlik, ədalət və siyasi qərəzsizlik prinsiplərindən uzaqlaşmasının bariz təzahürüdür.

Azərbaycanın hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı Bakıda həyata keçirdiyi məhkəmə prosesləri tarixi ədalətin hüquqi müstəvidə təmin olunmasıdır. Bakıda keçirilən məhkəmə prosesləri ilə Nürnberq tribunalı arasında əsas oxşarlıq ağır beynəlxalq cinayətlərdə ittiham olunan şəxslərin fərdi məsuliyyətinin müəyyən edilməsi və təqsiri sübuta yetirilənlərin ədalət mühakiməsi qarşısında cavab verməsi prinsipidir. Nürnberq tribunalı beynəlxalq hərbi tribunal, Bakıdakı proseslər isə Azərbaycanın milli məhkəmə sistemi çərçivəsində həyata keçirilən icraatlardır. Hər iki halda əsas prinsip cinayətlərin cəzasız qalmaması və məsuliyyətin hüquqi qaydada müəyyən edilməsidir".

Millət vəkili əlavə edib ki, Azərbaycan xalqı uzun illər işğalın, terrorun, etnik təmizləmənin və müharibənin ağır nəticələrini yaşayıb: "Bütün faciələrə baxmayaraq, dövlətimiz ədalətin təmin olunması və hüquqi məsuliyyətin müəyyən edilməsi prinsiplərinə əsaslanıb. Azərbaycanın mənəvi üstünlüyü də məhz ondadır ki, xalqımıza yaşadılan faciələrə cavab olaraq eyni qəddarlıq və barbarlıq üsullarını dövlət siyasətinə çevirməyib. Ədalətin bərpası ilə qisasçılıq arasında fundamental fərq var. Fərqin qorunması güclü dövlətçilik təfəkkürünün mühüm göstəricisidir.

Beynəlxalq təhlükəsizlik sisteminin mövcud vəziyyəti geniş və fundamental problemləri gündəmə gətirir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamənin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində ciddi boşluqların, mövcud icra mexanizmlərinin təsirsizliyinin və beynəlxalq təşkilatların öz qərarlarının yerinə yetirilməsini təmin etməkdə aciz olduğunu ortaya qoyur. Qətnamələrin icrasını təmin edəcək təsirli mexanizmlərin olmaması işğalın davam etməsinə və münaqişənin uzanmasına şərait yaradıb".