BAKI, 19 oktyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında anklavlar məsələsi üçün ən yaxşı həll yolu mübadilədir”.

Teleqraf xəbər verir ki, bunu erməni xəritəşünas Ruben Qalçyan deyib.

“Anklavlar məsələsi mübadilə yolu ilə həll edilməlidir. Keçmiş prezidentlər (Robert Köçəryan və Serj Sərkisyan) bu istiqamətdə heç nə etməyiblər, dəvəquşu kimi anklavlar məsələsini ört-basdır edib, bu barədə danışmayıblar”, - o bildirib.

Qalçyanın sözlərinə görə, Ermənistan müxalifətinin məsələ ətrafında etdikləri Azərbaycana müharibə elan etmək deməkdir.

Siyasi analitik Edqar Arakelyan da qeyd edib ki, Baş nazir Nikol Paşinyanın Kərki kəndi ilə bağlı açıqlaması ətrafında münaqişə vəziyyəti yaratmağa çalışır: “Bu baxımdan, Samvel Karapetyanın qardaşı oğlunun (Narek Karapetyan) Kərkiyə getməsi təsadüfi deyildi, təxribat idi”.

Xatırladaq ki, Nikol Paşinyan Kərkinin Azərbaycana məxsus olduğunu etiraf edərək, Ermənistan ərazisində Azərbaycana məxsus digər anklavların olduğunu da açıqlayıb. Söhbət Kərki ilə yanaşı, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir.