BAKI, 21 avqust. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ziyafət müəllim, Baş nazir Nikol Paşinyanın Ermənistanda konstitusiyanı dəyişdirməyi təxirə saldığı iddia edilir. Necə düşünürsünüz, bu nə ilə bağlıdır? Sizcə, Ermənistandakı siyasi gərginlik konstitusiyanın dəyişdirilməsi məsələsini yubada bilərmi?

- Əslində Ermənistan konstitusiyasındakı dəyişikliklər məsələsi heç də bu ölkədə bir müddət öncə baş tutmuş parlament seçkilərindən sonra gündəmə gəlmiş bir məsələ deyil. Bu əvvəl də var idi. Sadəcə olaraq, konstitusiyaya edilməsi olan dəyişikliklərin nə vaxt ediləcəyi məsələsi sualı var. Təəssüf ki, hələ də Ermənistanda bu məsələ ilə bağlı konkret qərar verilməyib. Baş nazir Nikol Paşinyanın parlamentdə səs çoxluğu ala bilməməsinin bu məsələyə təsiri ilə bağlı da yanaşmalar da fərqlidir. İddia edilir ki, bu onun üçün konstitusion səs çoxluğu yaratmır və s. Sözsüz ki, burada əsas həlledici amil siyasi iradənin olmasıdır. Siyasi iradə olsa, mövcud müxalifətlə də razılığa gəlib bu məsələni həll etmək olar. Hər halda biz proseslərin gedişinə baxmalıyıq.

- Sülh müqaviləsinin bağlanması üçün rəsmi Bakı Ermənistandan konstitusiya dəyişikliyi tələbi qoyub...

- Azərbaycanın tələbi aydındır. Bunu Ermənistanda artıq hər kəs bilir. Bakının tələbi ondan ibarətdir ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları məsələsi aradan qaldırılmalıdır. Bu hər kəsə aydındır və mürəkkəb bir məsələ də deyil. Güman da etmirəm ki, bu hər hansı bir mürəkkəblik doğuran bir məsələdir. Hər halda Ermənistan rəhbərliyinin siyasi iradəsi olsa, bu məsələni də həll etmək mümkün olar.

- Rusiyayönümlü müxalifət isə Ermənistanda konstitusiya dəyişikliyinə müsbət yanaşmır. Ermənistan parlamentində 41 mandata sahib olan müxalifət konstitusiya dəyişikliyinə qarşı faktiki veto hüququna sahibdir. Ümumiyyətlə, son dövrlərdə Ermənistanda müxalifət liderlərinə qarşı açılan cinayət işləri referendumla bağlı perspektivləri daha çox sual altına ala bilərmi?

- Ermənistandakı müxalifətin də məqsədi bəllidir. Əslində bu qütb daxilində də revanşistlər, Rusiya və digər istiqamətlərə meyilli qüvvələr var. Təəssüf ki, onların da bir qrupu “Qarabağ iddiasından” əl çəkməyib. Ona görə də bu məsələdə Paşinyanı müdafiə etmirlər. Revanşistlər hesab edirlər ki, guya hələ də “məsələ” bitməyib və s. Sözsüz ki, onlar çoxluq deyil. Amma getdikcə Azərbaycanla münasibətlərin yaxşılaşması ilə əlaqədar onlar da nəticələri görəcəklər.

- Konstitusiya dəyişikliyi ilə bağlı rəsmi İrəvanın mövqeyindəki ziddiyyətlər nədən ibarətdir?

- Ermənistan hökuməti bu yaxınlarda 2026-2031-ci illəri əhatə edən bir proqram qəbul etdi. Bu proqramda Ermənistanın Azərbaycanla bağlı məqsədləri də öz əksini tapıb. Bu proqramda Azərbaycanla bağlı ancaq sülh prosesindən və real Ermənistan məsələsindən danışılır. Burada da Azərbaycanı narahat edəcək heç bir məsələyə rast gəlinmədi. Ona görə də Ermənistan rəhbərliyi də başa düşür ki, ölkəsi Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmadan dalan vəziyyətdən çıxa bilməyəcək. Təbii ki, 5-6 nəfər müxalif qüvvənin qışqırıb-bağırması ilə oturub-durmaq olmaz. Onlar qışqırıb-bağıra bilərlər, bu onların öz işləridir. Hətta yeni konstitusiyanın qəbulu ilə bağlı mitinqlər, piketlər keçirirlər ki, bunlar da öz məsələləridir. Sadəcə olaraq, Ermənistan rəhbərliyində siyasi iradə olacaqsa, bu məsələni həll etmək mümkündür. Kimin təzyiq etməsindən asılı olmayaraq özlərində siyasi iradə olmalıdır.