BAKI, 8 oktyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinə hücumları nəticəsində 3 mülki şəxsin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın nəzarətində olan bölgənin administrasiyasının Ukraynanın hərbi cinayətlərinin sənədləşdirilməsi üzrə idarəsi məlumat yayıb.
“Zərərçəkənlərin ümumi sayı 11 nəfərdir. Onlardan 3-ü ölüb, 8-i yaralanıb”, - idarənin açıqlamasında deyilir.
Məlumata görə, Donetsk şəhərinin ətrafındakı Spartak kəndində 2 nəfər, Qorlovka şəhərində isə 1 nəfər həyatını itirib. Qorlovkada daha 5 nəfərin yaralandığı bildirilir.
Donetsk–Avdeyevka avtomobil yoluna hücum nəticəsində isə 3 nəfərin xəsarət aldığı qeyd olunur.
Hücumlar zamanı 3 yaşayış binasına, 3 infrastruktur obyektinə, eləcə də yük və minik avtomobillərinə ziyan dəydiyi açıqlanıb