BAKI, 8 oktyabr. TELEQRAF
Suriya hakimiyyəti ölkənin silahlı qüvvələrinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın tərəfində Yəməndəki müharibəyə qoşulacağı barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyi bəyanat yayıb.
“Dəməşq Səudiyyə Ərəbistanını qətiyyətlə dəstəkləyir. Lakin ölkəmizin siyasəti yeni hərbi cəbhələrin açılmasını nəzərdə tutmur”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri Suriya və Səudiyyə Ərəbistanının Yəmənə 10–20 min suriyalı hərbçinin göndərilməsi imkanını müzakirə etdiyini yazıb.
İddiaya görə, həmin hərbçilər Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” (husilər) hərəkatına qarşı döyüş əməliyyatlarında iştirak etməli idilər.
Nəşr belə bir addımın Yəməndəki münaqişəyə məzhəblərarası qarşıdurma xarakteri verə və vəziyyəti daha da gərginləşdirə biləcəyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 6-da Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.
Tərəflər strateji əməkdaşlıq planlarını müzakirə ediblər. Əhməd əş-Şaraa diplomatik yaxınlaşmanı gücləndirmək və ərəb ölkələri arasında əməkdaşlığın yeni mərhələsinə başlamaq məqsədilə vəliəhdi Dəməşqə səfərə dəvət edib.