BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İtaliyanın dəbdəbəli "Brioni" brendi olan kostyumunu yerli istehsalla əvəz edib.
Teleqraf xəbər verir ki, Nebraska ştatının Qrand Aylend şəhərində keçirilən mitinqdə Tramp tünd göy rəngli pencəyinin ətəyini aşağı çəkərək, astarına tikilmiş "Jos. A. Bank" etiketini hər kəsə göstərib. O, Amerika istehsalı olan kostyumların daha ucuz olduğunu deyib.
Tramp əsasən İtaliyanın "Brioni" firmasının kostyumlarını geyinib.
İki brend arasındakı qiymət fərqi olduqca əhəmiyyətlidir. "Jos.A.Bank" kostyumlarının qiyməti adətən 250 ilə 580 dollar arasında, "Brioni" modellərinin qiyməti isə 5500 ilə 16200 dollar arasında dəyişir.
Lakin Tramp həmişə yalnız "Brioni" brendini geyinməyib. Onun keçmiş mətbuat katibi Houp Hiks bildirib ki, 2016-cı il prezident seçkilərindən əvvəl o, Nyu-Yorkda yerləşən "Martin Greenfield Clothiers" də daxil olmaqla, digər brendlərə də üstünlük verib.
Hazırkı seçim başqa bir səbəbdən də təəccüblü idi. Sosial media istifadəçiləri qeyd etdilər ki, "Jos. A. Bank" məhsullarının əksəriyyətini ABŞ-dan kənarda, xüsusən də Çin və Banqladeşdə istehsal edir. Bu, Trampın Amerika istehsalına uzun müddətdir sadiq qalması və idxala tətbiq etdiyi yüksək tariflər nəzərə alınmaqla suallar doğurub.
Jurnalist Derek Qay yazıb: “Maraqlıdır. "Jos. A. Bank" kostyumları xaricdə, adətən Çin və Banqladeş kimi ölkələrdə istehsal olunur”.
Bəzi ABŞ vətəndaşları qeyd edir ki, Trampın özü gömrük siyasətinin qurbanına çevrilib. "İdxal məhsullarına tətbiq edilən yüksək rüsumlardan sonra ABŞ Prezidenti üçün xarici brendlər əlçatmaz olub", - deyə şərhlərdən birində yazılıb.