BAKI, 7 oktyabr. TELEQRAF
"ABŞ Rusiyada tədqiqat institutlarından birində epidemioloqun şübhəli ölümünün bioloji silahla əlaqəli olduğunu düşünmür”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib.
“Biz bunu çox tezliklə öyrənəcəyik, amma belə olduğunu düşünmürük”, – deyə ABŞ Prezidenti Ağ Evdə bu ehtimalla bağlı suala cavab verərkən bildirib. O, Rusiya hakimiyyətinin mövqeyinə toxunaraq əlavə edib: “Onlar vəziyyətin tam nəzarət altında olduğunu deyirlər”.
Tramp əlavə edib ki, Rusiya İrkutsk vilayətində qeydə alınmış naməlum pnevmoniya hadisəsi ilə bağlı ABŞ-a məlumat təqdim edir:
“Onlar bizim mütəxəssislərlə müəyyən qədər məlumat paylaşırlar. Biz onların bizim mütəxəssislərlə daha çox məlumat bölüşəcəyini gözləyirik”.
Oktyabrın 4-də Rusiya İstehlakçı Hüquqlarının və İnsan Rifahının Müdafiəsi Federal Xidmətinin mətbuat xidmətindən bildirilib ki, İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir.
Qurum vurğulayıb ki, Sibir və Uzaq Şərq İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşında, etiologiyası müəyyən edilməyən pnevmoniya aşkar edilməsi ilə bağlı xüsusi tədbirlər kompleksi həyata keçirilib.
Genişləndirilmiş tədqiqatların nəticələrinə əsasən, xəstədən götürülmüş materialda onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkar edilməyib.