BAKI, 18 may. TELEQRAF
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə mayın 20-də "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Teleqraf-ın məlumatına görə, bu konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri olacaq. Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunacaq.
Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edəcək.
Konfransda müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi və beynəlxalq həmrəyliyin real, effektiv platformalara çevrilməsi məsələləri müzakirə ediləcək.
Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi, həmçinin bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Müstəmləkə və neokolonial idarəetmə altında olan ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunur. Belə ki, Kanakidə (Yeni Kaledoniya) Fransa tərəfindən həyata keçirilən miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olaraq yerli kanak əhalisini azlıq vəziyyətinə salmış və onların şəhər mərkəzlərindən periferiyalara sıxışdırılması ilə nəticələnmişdir.
Paralel olaraq, adaya köçürülmüş Avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin dərinləşməsini daha da gücləndirmişdir.
Boneyrada Niderland müstəmləkə siyasətinin davam edən təsirləri, artan turizm və xarici investisiya təzyiqləri ilə birlikdə mənzil bazarında kəskin qiymət artımına səbəb olur. Bu proses yerli əhalinin əlçatan yaşayış imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq sosial bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarır. Mayotda isə “Çido” siklonu nəticəsində infrastrukturun 90%-dən çoxu sıradan çıxmış, 100 mindən artıq insan evsiz qalaraq məcburi köçkün vəziyyətinə düşmüşdür. Genişmiqyaslı humanitar fəlakət fonunda Fransa hakimiyyətinin gecikmiş və baş vermiş fəlakətə etinasız reaksiyası böhranın miqyasını daha da dərinləşdirmişdir.
Qeyd edək ki, konfransdan öncə – mayın 19-da WUF13 çərçivəsində A39 pavilyonunda Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir təşkil ediləcək.
Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı fəsadları müzakirə edəcəklər.