BAKI, 7 sentyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsi Avropada daha nasizmin olmaması təmin ediləcək şəkildə başa çatdırılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Məhz bu, Xarici İşlər Nazirliyi olaraq bizim əsas vəzifəmizdir - hərbi əməliyyata mümkün qədər effektiv diplomatik-siyasi dəstək göstərmək, onun köklərini və səbəblərini izah etmək, müharibəni artıq 2024-cü ildə prezidentin (Vladimir Putin) irəli sürdüyü ədalətli şərtlərlə başa çatdırmağa imkan verə biləcək mövqeyimizi izah etmək. Elə başa çatdırmaq lazımdır ki, yenidən öz metastazlarını yaymağa başlayan Avropada bir daha nasizm olmasın”, - nazir bildirib.
Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda irəli sürdüyü tələblərə gəlincə, bura Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən, o cümlədən Rusiya ordusunun nəzarət etmədiyi digər ərazilərdən tamamilə çıxarılması, Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” və NATO-ya üzvlükdən imtina etməsi daxildir.